“Məndən pul aldı ki, nazirliyə rüşvət verəcək”

menden-pul-aldi-ki-nazirliye-rusvet-verecek
Oxunma sayı: 2994

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə ittiham aktı elan edilib.

K.Ağazadə özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş, onun qardaşının keçmiş arvadı Həcər Kəngərli ifadə verərək istintaqa dediklərini təsdiqlədiyini və qarşı tərəfin barışıq üçün heç bir addım atmadığını deyib.

K.Ağazadənin vəkili Aqil Layıcov isə istintaq zamanı ona dəyən ziyana görə 3600 manat pul və barışıq təklif edildiyini bildirib.

Daha sonra isə vəkil indi yenidən həmin məbləği ödəməyi və barışmalarını təklif edib. H.Kəngərli isə “hər kəs etdiyi əmələ görə cavab verməlidir” deyə reaksiya verib.

Digər zərərçəkən Mahirə Sadıqova da ifadəsində K.Ağazadənin ondan 2100 manat alaraq Səhiyyə Nazirliyinə rüşvət kimi verəcəyini deyib və bildirib ki, artıq həmin pul ona ödənilib. M.Sadıqova əlavə edib ki, K.Ağazadənin təklifi ilə uşaqlar üçün gələn yeməkdən öz evlərinə də aparıb.

K.Ağazadə isə bildirib ki, M.Sadıqova və əri Dadaş Əhmədovu gizli olaraq evə ərzaq apardıqları üçün bir müddət əvvəl işdən qovub.

İttihama görə, K.Ağazadə Azərbaycan Uşaqları Birliyinin sədri işləyərkən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin müddətinin uzadılacağını vəd edərək həmin layihə çərçivəsində əməkdaşlıq etdiyi Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqovadan ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Həmin pulu isə nazirlikdəki vəzifəli şəxsə verəcəyini deyib. O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Murad Əhməd