“Mənə deyiblər ki, pul ver, səni filan komandaya baş məşqçi qoyaq” – Müsahibə

mene-deyibler-ki-pul-ver-seni-filan-komandaya-bas-mesqci-qoyaq-musahibe
Oxunma sayı: 644








“Qafqazinfo” “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun qol.az saytına müsahibəsini təqdim edir:


- Arif müəllim, işsiz günləriniz hələ də davam edir?
- Bəli. Hələ ki, dincəlirik.


- Bəs, hansısa bir klubdan təklif almamısınız?
- Real olmayan şey haqda danışmaq istəməzdim. Ona görə də, hələ bir təklif olmadığını deyərdim.


- “Sumqayıt” klubunu çalışdıracağınız haqda söhbət gəzir.
- İlk öncə deyim ki, “Sumqayıt” komandasının elitada qalıb-qalmayacağı bilinmir. Hələ bu məsələ tam təsdiqini tapmayıb. Ancaq bu klubun rəhbərliyi tərəfindən mənə heç bir təklif gəlməyib.


- Pro kateqoriyalı məşqçi olduğunuzu nəzərə alsaq, karyeranızı xarici ölkədə davam etdirmək variantı varmı?
- Bu istiqamətdə iş gedir. Bu işlə məşğul olan menecerlər var ki, bunu həyata keçirmək istəyir. Alınar-alınmaz, artıq qismətdən aslıdır. Lakin birinci növbədə istərdim ki, öz ölkəmdə çalışım.


- Özünüzlə bərabər bəzi yerli məşqçilərin işsiz qalmasını nə ilə əlaqələndirərdiniz? Buna səbəb kimi nəyi görürsünüz?
- Bu, mənim işim deyil ki, analiz edim. Sadəcə, ola bilər, hansısa güvvələr var ki, yerli məşqçilərə qarşı kampaniya aparır. Yerli və əcnəbi məşqçiləri fərqləndirəndə görürsən ki, xarici məşqçiləri dağın başına qaldırırlar. Ancaq özümüzünkülərə bir qulp qoyurlarr. Bu isə obyektiv deyil. Ümumiyyətlə, bizim futbolumuzda qaranlıq işlər gedir, xəbərimiz yoxdur.


- Hansı qaranlıq məqamlar haqda danışırsınız?
- Şəxsən mənə deyiblər ki, pul ver, səni filan komandaya baş məşqçi qoyaq. Axı, bu, nə dərəcədə düzgündür? Biz görmüşük ki, məşqçini və ya futbolçunu çağıraraq müqavilə bağlamağı təklif edərlər və ordan da menecer öz payını götürər. Lakin indi tamamilə başqa cürdür. Görürsən, elə adamlar gəlib sənə təkliflər edirlər ki, onların futbola aidiyyatı yoxdur. Belə bir şeylə rastlaşanda ağlından bir şey keçir: yəqin ki, Azərbaycanda mənə işləmək qismət olmayacaq. Gərək ya sanballı adamın, ya da pulun olsun ki, səni məşqçi təyin etsinlər. Mən buna inanmırdım. Lakin son bir il ərzində, bu işsiz vaxtlarımda buna rast gəldim. Demək həqiqətən də Azərbaycanda belə işlər gedir. Acı olsa da, bu, bir həqiqətdir. Belə gedişlə, necə olacaq, bilinmir.