“Mənə deyirlər ki, çox danışırsan”

mene-deyirler-ki-cox-danisirsan
Oxunma sayı: 647


- Necə oldu ki, aparıcı oldunuz?

- Mən özümdə aparıcılığa olan həvəsi uşaqlıq illərində hiss etmişəm. Bu sənəti sevmişəm. Bunun nəticəsi oldu ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında çalışmağa başladım. Təqribən dörd il orada işlədikdən sonra “Space” telekanalında səhər verilişinin aparıcısı oldum. On ilə yaxın bu kanalla əməkdaşlıq etdim. 2009-cu ildən isə ANS telekanalında çalışıram.

- Bu peşəni seçəndə ailə üzvlərinizdən etiraz edənlər oldu?

- Əvvəlcə anam bir az narazılığını bildirdi. Lakin zaman keçdikcə o da mənim sənətimi qəbul etdi və mənə dəstək olanlardan biri oldu.

- İkinci sənətiniz var?

- Bəli. Özəl universitetlərdən birində ədəbiyyatdan və jurnalistikadan dərs deyirəm.

- Aparıcılıq çətindir, yoxsa müəllimlik?

- Mənə görə, aparıcılıq daha çətin və məsuliyyətli peşədir.

- Canlı yayımda hansı maraqlı anları yaşamısınız?

- Belə vəziyyətlər çox olub. Bilirsiniz, mən çox tələskən insanam. Hər işimi tələsik görürəm. Sanki məni kimsə qovur. Bunun nəticəsində də canlı yayıma köynəyimi və ayaqqabımı tərs geyinib çıxdığım və s. anlar olub (gülür).

- Daha çox nəyə qarşı mübarizə aparırsınız?

- Ədalətsizliyə qarşı.

- Hansı insanları görməyə gözünüz yoxdur?

- Yalançı və riyakar insanları.

- Nədən çəkinirsiniz?

- Mən həyatda elə də çəkingən insan deyiləm. Deməzdim ki, konkret nədənsə çəkinirəm. Amma elə məqamlar olur ki, orada səhv addım atacağımdan ehtiyat edirəm və geri çəkilirəm. Belə məqamlarda gözümün qabağına qızım gəlir. Yalnız onu düşünürəm.

- Ağlınızla hissinizin arasında qalanda nə edirsiniz?

- Çox vaxt ağılla hərəkət edirəm. Lakin bəzən ağlım hisslərimə məğlub olur. Bu da bəlkə, çox səbirsiz olmağımdan irəli gəlir. Bütün bunlara baxmayaraq, yenə də hisslərimin qurbanı olmuram. Özümü vaxtında ələ almağı bacarıram.

- Sizə qarşı olunan ittihamlara qarşı necə cavab verirsiniz?

- Susmaqla. Ümumiyyətlə, mənə çox zaman deyirlər ki, sən efirdə çox danışırsan, qonaqların sözünü kəsirsən və s. Amma mən nahaq deyilən sözə müdaxilə etməyəndə özümü çox narahat hiss edirəm.

- Geyimlərinizi seçərkən hansı amillərə üstünlük verirsiniz?

- Çox zaman klassik geyimlərə üstünlük verirəm. Sadəliyi sevirəm. Ayaqqabı həvəskarı olduğum üçün ona kifayət qədər çox pul xərcləyirəm.

- Nəyə nifrət edirsiniz?

- Yalana çox nifrət edirəm.

- Sizdə qısqanclıq hissi hansı dərəcədədir?

- Məndə onun dərəcəsi yoxdur (gülür).

- Özünüzdə aşkarladığınız ən böyük nöqsan hansıdır?

- Həddindən artıq səbirsiz və emosionalam. Bəzən bu səbirsizliyim peşmançılıqla nəticələnir.

- Sizdə nələr kompleks yaradır?

- Xarici görkəmimdən narazı deyiləm. Hələ ki, heç nə kompleks yaratmır. Sadəcə olaraq, istəyərdim boyum bir az hündür olsun.

- Özünüzdə hansı dəyişiklik etmək istərdiniz?

- İndi heç nə. Amma ola bilər ki, iyirmi ildən sonra üzümün qırışlarını dartdırım (gülür).

- Həyat yoldaşınızın sizin geyiminizdən narazı qaldığı hallar olurmu?

- Bəli, belə hallar olur. Çalışıram ki, onun fikirlərini bacardığım qədər nəzərə alım və onun dedikləri ilə razılaşım.