“Mənə elə baxır, gəl görəsən…” - Video

mene-ele-baxir-gel-goresen
Oxunma sayı: 7790

73 yaşlı Ramazan baba ilin 20 gününü həyat yoldaşı ilə birlikdə bağda keçirir. Ancaq bu bağ bildiyimiz dəniz kənarında yerləşənlərdən deyil. Hətta sizə deyim ki, paytaxtdan bir xeyli uzaqlıqda, Qaxın Marsan kəndindədir. 

Bəs onu evindən uzaq salan, gecələri çadırda qalmağa məcbur edən bu nə bağdır belə?- deyib elə biz də yollandıq düz Marsan kəndinə.

“Yol kəndə dönəndən sonra arı yeşikləri görəcəksiz. Elə oradan 100 metr qabaqda kimdən soruşsaz, traktorçu Ramazanın bağını göstərəcək”. Razılaşıb səhər saat 7 radələrində yola düşürük. İradə xanım (Ramazan babanın gəlini) telefonda izah edəndə koordinatlar asan görünsə də, kəndə dönəndə elə yolun sağının da, solunun da ucsuz-bucaqsız fındıq bağları, hərəsinin içində də arı yeşikləri olduğunu görürük. Tap tapa bilirsən.

Bir neçə bağı kor-koranə gəzdikdən sonra axır ünvanı soruşmağa adam tapırıq:

- Ramazan babanın bağını axtarırıq, tanıyırsız?

- Siz elə Ramazan babanın bağındasız. Bu bağ, o da Ramazan.

Xoşbəxtlikdən bizi qarşılayan elə Ramazan babanın həyat yoldaşı Gülşad xanımmış. Yenicə oyanmış Gülşad xanımın çadırdan çıxar-çıxmaz əlində vedrəsi ilə fındıq kollarının dibinə qaçdığını görürük.

- Bir neçə nəfərlə söhbətimdən gəldiyim qənaət budur ki, insanlar yığımın necə aparıldığını elə də yaxşı bilmirlər. Hətta çoxu düşünür ki, qoz-fındıq da digər meyvələr kimi ağacın üstündən yığılır.

- Ağacdan yığılan fındıq sütül olur. Yetişmiş fındıq isə yerə tökülür. Əsasən, ağaclar 3 dəfə silkələnir, dibinə tökülmüş çanaqcıqlar və dənə fındıqlar yığılır. Çanaqcıqlar əl və ya maşınla təmizlənir. Təqribən bir ay çəkən bu proses avqust-sentyabr aylarında Qax kəndlərinin əsas məşğuliyyətidir.

Gülşad xala gedir qaz sobasında çay qaynatmağa, biz də mal-qaranı yenicə örüşə ötürüb gələn Ramazan babaya yaxınlaşırıq. 

Gülərüzlə bizi qarşılayan Ramazan baba cavanlığında traktorçu olub. Hazırda təqaüddə olsa da, ilin 20 günü iş başındadır. O da gəncliyindən ona xatirə qalan bu bağın keşiyində durmaq: 

“Bağın 60-a yaxın yaşı var. Hazırda fındıqlıq görünən bütün ərazi o vaxt meşə altında idi. 1960-cı ildən sovxoza traktorçu kimi işə başlamışam. Əziyyətimin qarşılığında da sovxozdan bu fındıq sahəsi pay verilib.

Hazırda fındıq bağımız 3 hektardır, 450 fındıq topum var. 3 oğlum, 2 qızım var. Onların hərəsinə pay sahə vermişəm, fındıq yetişəndə gəlib yığırlar. Bağ evimizdən 4 kilometr aralıdır. Gündə buraya 2 dəfə gəlmək heç də asan deyil. Ona görə də, hər fındıq sezonunda yoldaşımla burada qalırıq. Bu proses uzağı sentyabr ayının sonuna kimi olur. Ondan sonra rahatıq. Vəssalam, iş bitdi. 

Xanımı isə özünü belə təqdim edir: İsaqova Gülşad Ramazan qızı. Tərslikdən yoldaşımın da adı Ramazandır, atamın da. Ona görə arada qarışıqlıq yaranır.

- Görürsən, biz nə xoşbəxt adamlarıq?

- Gülşad xala, gecələr burada tək qalmaq darıxdırıcı deyil ki? İşıq, televizor, telefon da yoxdur.

- Burada biz tək deyilik. Necə deyərlər, bağ qonşularımız var. Yan qonşum eltimdir. Aşağı tərəfdə başqa bir kəndçim. Hamı çadırlarını qurub. Gecə olanda bir yerə yığılırıq, çayımızı dəmləyib söhbət edirik. Darıxmaq olmur. Bircə işığımız yoxdur, onu da lampa, fanarla əvəz edə bilirik. Yağış yağan kimi də qaçırıq çadırların altına. Qazımız, suyumuz olduğundan nəsə bişirmək çətin olmur.

- Bəs gününüz necə keçir? Gəlininizlə danışmışdım, deyəsən, bir azdan onlar da gələcək.

- Günümüz səhər 6-7 arasında başlayır. Belə deyək, yuxudan nə vaxt dursaq, onda. Durub çay çörəyimizi yeyirik. Sonra uşaqlar gəlir. Kişilər əsasən yığmağı sevmir, silkələyirlər. Biz də gündə 20-15 meşik fındıq yığa bilirik. Bu il fındıq çox zəifdir. Demək olar ki, yoxdur. Elə bir dəfə silkələmişik, onunla da bitir. 

- R: Heç keçən ilki fındığın yarısı yoxdur.

- G: Fındıq yığımı bütün ailəni birləşdirir. Oğlum, qızım, gəlinlərim bir azdan köməyə gələcək. Deyib gülə-gülə yığırıq. Axşam saat 5-ə kimi hamı bağda olur. Nəvələrim də bizə qoşulub kömək edirlər. Məsələn, balaca nəvəm Fatimə çox cəlddir. Fındığın sezon müddəti 20 gündür. Ondan sonra, hamı dağılır öz evinə. 

- Bildiyimə görə ailə ilə yanaşı günlük ödənişlə də adamlar çağırırsız.

- Məhsul bol olanda ödənişlə yığım üçün adam tuturuq. Yığımda əsas şərtlərdən biri də əli cəld olmaqdır. Heç unutmaram, ötən il qohumumdan xahiş etdim ki, rayondan iki nəfər gönədərsin. O da iki tələbə oğlan göndərib. 1 saat keçib, 2 saat keçib baxıram ki, bunlar hələ də bir topun altında eşələnirlər. Çubuqla otları, yarpaqları aralayıb fındıq çataqlarını (1-5 ədəd fındığın yerləşdiyi yaşıl hissə, çanaqcıq. Qax və ətraf rayonlarda ona çataq deyilir-red.) götürürlər. Baxıram ki, gün keçir, bunlar çox zəifdir. Hələ axşam da ödəniş edəcəm, çarəsiz oturdum yanlarına, tələsdirə, tələsdirə birtəhər günü tamamladıq. Bu il sadəcə özümüzük. Bir hissəni maşın yığıb. Düzdür, elə daha tez başa gəlir, ancaq yerdə nə var, nə yox götürdüyündən yarpaq, çör-çöp çox olur.

- Bəs hazırda fındığın qiyməti necədir? Builki gəlirlə ili başa vura biləcəksiz?

- Başqa vaxt, fındıq az olanda qiyməti nisbətən baha olurdu. Bu il fındıq da azdır, qiyməti də aşağı. Heç olmasa kilosunu 5 manata alsalar, bizim də maddi marağımız artar, vəziyyətimiz yaxşılaşar. Hazırda 2-3 manat arasında alınır. Kənddə yaşamağın bir şeyi yaxşıdır ki, mal-qara olur, əkib-becərirsən, dirilik edirsən, beləliklə günlük yaşamı həll edirik. Ancaq əsas işləri: ev təmirini, evə alınacaq vacib şeyləri, Allah eləməsin, xəstəlik olanda lazım olan xərci fındıqdan qazanılan pulla edirik. Yoxsa belə yağımızı, balımızı, pendirimizi, bostan-tərəvəzimizi özümüz edirik, əlavə pul vermirik.

- Bir sahibkar olaraq hazırda bu sahədə nə kimi çətinliyiniz var?

- Bizim kənddə ən böyük çətinlik sudur. Ağaclar mütəmadi olaraq sulanmalıdır, ancaq elə şəraitimiz yoxdur. Digər kəndlərdən gələn su bizə çatmır. Torpaq əsasən daşlıqdır. Gübrə verməsək, ümumiyyətlə, məhsul ala bilmərik. 

- Ümumilikdə bu bağdan nə qədər fındıq götürmək olur?

- Məhsul bol olanda 2 ton, 2 ton yarım fındıq olur. Olmayanda 500-600 kilo məhsulumuz olur. Bu il az olan illərdəndir. Bizim zonanın fındığı ilə, Xaçmazın, Qubanın digər rayonların fındığının arasında fərq çoxdur. Bizim fındıq daha şirin, ləpəsi də daha sağlam olur. Bizim bağlar yaxşıdır, ancaq gübrə vermirlər. Versələr də, od qiymətinədir, almaq olmur. 

- Söhbətimiz əsnasında qulağımıza uzaqdan boğuq səs gəlir. Gülşad xala deyir ki, kəndin başında kimsə fındıq təmizləyən maşın çağırıb, fındıq təmizlədir. Odur ki, Ramazan baba ilə bir müddətlik sağollaşıb kəndə yollanırıq. 

Bizi qarşılayan təsərrüfatçı Hacımurad Əliyev proses haqqında məlumat verir:

“Fındığı maşınla təmizləmək bizim üçün çox əlverişlidir. Belə deyək. Bütün ailə, qohum-qonşuları köməyə çağırıb 1 ton fındığı əl əməyi ilə təmizləmək üçün 10-15 gün vaxt sərf olunur. Ancaq maşın həmin fındıq yarım saata təmizlənir. Maşına görə verdiyimiz pul isə heç nədir. Qiymət əladır”. 

- Artıq biz bağa qayıdanda ailə çay fasiləsi üçün masa ətrafına yığışmışdı. Ramazan baba nəvələrini ətrafına yığıb yaman söhbət edirdi.

- Ramazan baba, neçə nəvə-nəticəniz var?

- 12 nəvəm var. Nəticəni unutmuşam, bir də nəticəm var. Oldu 13. Nəvədən narazılığım yoxdur, hansına zəng vursam, bu dəqiqə gələr.

- Bəs həyat yoldaşınız necə, sizə yaxşı baxır? Təsadüfən elə fındıq bağında tanış olmamısız ki?

- Yox, o vaxt hələ fındıqlıq paylanmamışdı. O, başqa kolxozda işləyirdi, mən də burada. Təsadüfən bir-birimizə rast gəldik. Evləndik, belə xoşbəxt olduq. Mənə elə baxır ki, gəl görəsən. Onlar olmasa, mən çoxdan ölmüşdüm. Mənim taylarımın hamısı baxımsızlıqdan həyatdan köçüb. Kənddə iki nəfər qalmışıq, o da heç yeriyə bilmir. Ancaq mən çox xoşbəxtəm.

Günel Hacı 

Fotolar və video: Nuran Məmmədov