“Mənə hər ay 25 min dollar verəcəyini dedi”

mene-her-ay-25-min-dollar-vereceyini-dedi
Oxunma sayı: 4008

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə zərərçəkmişlər dindirilib. 

Elxan Muradlı ifadə verərək deyib ki, İlhamı işçisi Nazim vasitəsilə tanıyıb: "Nazim dedi ki, bir tanışı var neft avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. Bu mənə maraqlı gəldi, Nazim bizi görüşürdü. Bizim birgə iş görə biləcəyimizi dedi. İlhamı dəvət etdik, ofisdə notbuk gətirib təqdimat elədi. Bu mənim xoşuma gəldi. Söhbət belə idi ki, Rusiyadan neft avadanlığı alıb İrana satırdı. İrana da həmin vaxt sanksiyalar qoyulmuşdu. İlham dedi ki, 15 min dollara alıb 40 minə satır. Razılaşdıq, İlhamın istədiyi 220 min dolları verdim. Bir neçə ay mənə qazanc kimi müxtəlif məbləğlərdə pul verdi, ordan da Nazimin payı olan 10 mini ona verdim. 

Sonra mənə dedi ki, İrkutskda 400 min dollarlıq avadanlıqlar var, hətta çox böyükdü. Başım çıxmasa da bu mənə maraqlı gəldi. Həmin avadanlıqları gətirmək üçün 480 min dollar verdim. Razılaşdıq ki, İlham mənə ayda 25 min dollar qazanc verəcək. Bir neçə ay pul verildi, sonra eşitdim ki, İlham Qazaxıstana gedib. Nə üçün getdiyini maraqlandım, dedilər sənin verdiyin 400 mini götürüb qatar relsi alver etməyə gedib. Dekabrda İlham Bakıya qayıtdı, mənə dedi Qazaxıstandakı işlər sənin pulunla deyil. 

Sonra hər dəfə "işlər gedir" deyə-deyə məsələni uzadıb pulu vermədilər. Ən sonda İlham Bakıda olan 25 kompressoru satıb pulu verəcəyini dedi. Onunla maraqlandım, bəlli oldu ki, bu kompressorlar heç bir işə yarımır və hələ də alıcı tapılmır. 

Sonradan öyrəndim ki, məndən alınan pulla 57 minə "GL", 27 minə "Nissan Juke" alıb". 

Proses sentyabrın 25-də davam etdiriləcək. 

İttihama görə, İ. Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. 

Digər təqsirləndirilən Nazim Mustafayev barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır. 

Murad Əhməd