“Mənə soyuqdur, məni qucaqla”

mene-soyuqdur-meni-qucaqla
Oxunma sayı: 2562

Azər Qismət

Bu günlərdə internet məkanında belə bir fləşmob yayıldı ki, oğlan “mənə soyuqdur, məni qucaqla” yarlığını üstünə vurub paytaxta çıxıb. Və maraqlıdır ki, onu qucaqlayan qızlar tapılıb. (Buna artıq təəccüblənmirik). Bir tərəfdən baxanda fləşmob anlayışına uyğun addımdır. “Fləşmob” təsadüfi tamaşaçılar üçün hesablanan bir anlayışdır, gülüş və təəccüb yaradır, yaddan çıxan məsələləri yada salır, yaxud maraq doğurur.

Bir sözlə “fləşmob” kütlədə maraq oyatmaq, onları təəccübləndirməkdən ibarətdir. Onun təməli kütlənin beynindəki stereotipləri qırmaqdan, axına qarşı getmək, ətrafda yaddaqalan iz buraxmaq, özünüifadə tərzidir. Həm də qrup psixoterapiyasından effekt əldə etməkdir. “Fləşmob” insanın gizli arzularını üzə çıxaran üsuldur. O, məhsulların reklamında, maliyyə məsələlərində, sosial əhəmiyyət daşıyan problemlərin qabardılmasında da istifadə edilir.

Mən fləşmobun bütün tərəflərini qeyd etdim. Çox təəssüf ki, bizim gənclər əksər hallarda fləşmobun “mənə soyuqdur, məni qucaqla” tərəfini tətbiq edirlər. Nə olaydı, bayraq günü ilə əlaqədar təşkil edilən və hətta Euronews kanalında nümayiş etdirilən fləşmoblardan çox edəydiniz. Axı, “mənə soyuqdur, məni qucaqla” tipli fləşmobun heç bir sosial əhəmiyyəti yoxdur. Açıq-aydın görünür ki, burada bir oğlan kiminsə onu qucaqlamasına çalışıb. Evdə uzanıb görüb ona soyuqdur və qızınmaq üçün paytaxtın küçə və meydanlarına çıxıb ki, canına istilik gəlsin. Əgər ona evdə soyuq olsaydı yenə bunu kommunal problemin həlli istiqamətində atılan addım kimi görmək olardı. İşığın yanmırsa, qazın gəlmirsə belə et. İndi işıq da, qaz da yanır. Bəs, oğlanı buna nə məcbur edib? Məsələ burasındadırki, həmin oğlan sadəcə qəlbində gizlənən hansısa mübhəm sirrinin reallaşmasını istəyib. Allah bilir nə istəyib. Üstündəki yarlığın ingilis dilində yazılmasından belə anlaşılır ki, ya bunu həyata keçirmək üçün xarici amilin rolu var. Ya da youtube vasitəsi ilə dünyaya nümayiş etdirir ki, “Azərbaycan İslam dinli ölkə olsa da, əslində müasirdir, sizlərdən fərlənmir”.

Bəli, biz əksər hallarda fləşmobun heç bir sosial əhəmiyyəti olmayan düşük tərəflərini tətbiq edirik. Gözlənilmədən oğlan Qərbdən gəlir, qız Şərqdən doğur və Tarqovıya çatanda öpüşürlər. Yox, 180 dərəcə əyilib öpüşürlər. Bəs necə, elə-belə olmaz axı. Mütləq əyilməlidirlər.

Yeni ictimai maraq doğuran fləşmobların əhəmiyyətli tərəfləri də var. Məsələn, neçə müddət əvvəl xarici ölkələrin birində gənc oğlan boynundan yarlıq asıb ictimaiyyətin arasına çıxmışdı. Yarlıqda yazılmışdı: “Mən QİÇS xəstəsiyəm, məni qucaqlayın”. Və onu yüzlərlə adam qucaqladı, hətta bəziləri göz yaşları axıtdı. Bunun bir neçə mənası vardı. Birincisi, QİÇS hava və nəfəs yolu ilə keçmir. İkincisi, “biz də bu cəmiyyətdə yaşayırıq, bizi təcrid etməyin” anlamı ifadə edilirdi. Son illər QİÇS xəstəliyinə yoluxanlara qarşı soyuq münasibət həddindən artıq güclənib. Onların ictimai yerlərdə görünməsinə qarşı çıxanların sayı artmaqdadır. Əksər cəmiyyətlərdə belə fikir hökm sürür ki, belə xəstələr təhlükəlidir, onlardan uzaqlaşmaz lazımdır. Bir qrup gənc isə belə qərara gəlib ki, soyuqluğun aradan götürülməsi üçün yeni fləşmob düşünsünlər. Budur, bir fləşmoba görə QİÇS xəstələrinin yenidən adamlar arasına rahat çıxmaları üçün meydan açıldı. Dünənə qədərsə bu dünyaya dar pəncərə gözlüyündən baxırdılar. Budur fləşmob. Yoxsa, “mənə soyuqdur, məni qucaqla”.

Yaxud, İslamı terror dini kimi təbliğ edən ölkələrdən birində bir oğlan küçəyə çıxmışdı. Onun boynundan belə bir yarlıq asılmışdı: “Mən müsəlmanam, terrorçu deyiləm, məni qucaqlayın”. Yüzlərlə adam onu qucaqlayıb bağrına basdı. Həmin oğlan anlatmaq istədi ki, “biz sadə və sülhsevər insanlarıq. Bizə inanın və uşaqlarınıza da deyin ki, bizdən qorxmasınlar”.

Xocalı faciəsinin növbəti ildönümü yaxınlaşır. Belə bir fləşmob edin: “Mənim Xocalımı yer üzündən siliblər, mənə soyuqdur, məni qucaqlayın”. Və paytaxtımıza gələn xarici qonaqlara yaxınlaşın.

Buna deyərəm fləşmob, özü də möhtəşəmindən.