Mənə “ucuz ətin şorbası olar” deməyin!

mene-ucuz-etin-sorbasi-olar-demeyin
Oxunma sayı: 2036

Dünya Sakit

Bu günlərdə Azərbaycana gətirilən ucuz ərzaq məhsullarının keyfiyyət göstəriciləri ilə bağlı söhbət zamanı dövlət qurumlarından birində çalışan dostumuzu “ucuz malın keyfiyyəti olmaz” sözü bir xeyli qəzəbləndirdi. Mənim üçün bir qədər gözlənilməz olan tərzdə “haradan bilirsən ucuz malın keyfiyyətsiz olduğunu, sınaq laboratoriyan var?” deyə sual etdi...

Dostumuza cavabım çox sadə oldu: hansısa ərzaq məhsulunun keyfiyyət göstəricilərini müəyyənləşdirən ən yaxşı laboratoriya insanın orqanizmi, dad-iy qabiliyyətidir. Hələ o insan həmin məhsullardan gündə azı 2 dəfə yemək bişirən bir qadındırsa, heç bir başqa laboratoriyaya gərək qalmır: əritdiyi yağın yarısının çıxara çıxdığını, bir neçə gün soyuducuda qaldıqdan sonra anormal qoxu verdiyini, o yağla bişirdiyi yeməklərin mədə-bağırsaq sistemini təlatümə saldığını, şəkər tozunu qaynatdıqda rənginin çəhrayıya çevrildiyini, əvvəl 2-3 qaşıqla əldə etdiyi şirinliyi indi 5-6 qaşıqla ala bilmədiyini görür, öz canında hiss edir və bunun keyfiyyətsizliklə bağlı olduğunu isbatlamaq üçün hansısa cansız aparatlara onun qətiyyən ehtiyacı yoxdur...

Ən qəribəsi də budur ki, kərə yağının qiyməti ilə bağlı başlanan müzakirələrin məcrası son günlərdə xeyli dəyişib. Bahalaşma faktı keçib arxa plana, cidd-cəhdlə hazırda kiloqramı 12-13 manata satılan kərə yağlarının keyfiyyət baxımından bahalı yağlardan geri qalmadığına dair iddialar baş alıb gedir. Əsas fikir də budur ki, ucuzluq heç də həmişə keyfiyyət aşağılığı demək deyil. Amma dünyanın heç bir yerində eyni məhsulun bir-birindən qiymət baxımından 30-40 faiz fərqlənən markaları eyni keyfiyyətdə olmur, ola da bilməz. Bunun əksini iddia edənlərə bir sual kifayətdir: əgər keyfiyyət eynidirsə, niyə qiymət bu qədər fərqlidir? Axı normalda müxtəlif istehsalçıların eyni keyfiyyətdə istehsal etdiyi bir məhsulun qiymət fərqi ən yaxşı halda 5-10 faiz ola bilər. Bu da o zaman mümkün olur ki, kimsə həmin məhsuldan daha çox həcmdə alaraq qiymətdə endirim əldə edir, başqa birisi çatdırmada güzəşt alır və sair. Məsələn, bu gün bir məhsul iri marketlərdə xırda və orta marketlərə nisbətən 15-20 qəpik ucuza satılır. Yaxud Bakıda rayonlara nisbətən daha ucuz olur – nəqliyyat xərclərinə görə. Amma bu fərq 30-40 faizə çatırsa, demək, ortada keyfiyyət fərqi var. Bu, yalnız ərzaq deyil, bütün məhsullarda, hətta xidmətlərdə belədir...

Hamı xatırlayar yəqin: ucuz Çin mallarının ölkəmizə axınının başladığı illərdə insanlar qiymətin aşağılığına aludə olaraq kütləvi şəkildə onları almağa başladılar. Lakin çox tezliklə hamı gördü ki, ucuz alınan ayaqqabı qısa müddətdə geyinilməz hala gəlir və məcbur olursan yenisini alasan. Üstəlik, həmin ayaqqabı çox narahatdır, ayaqlara iy verir, göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Ucuz geyimlər tezliklə rəngini itirir, necə deyərlər, “ağız-burnu” əyilir. Bunun nəticəsində bir neçə ildən sonra Çindən daha keyfiyyətli məhsulların idxalına başlandı – çünki ucuz və keyfiyyətsiz məhsullar bazarda yerimədi, gətirənlər zərərə düşdülər... Bu, həm də ona görə baş verdi ki, irihəcmli neft pulları əhalinin gəlirlərinin artmasına səbəb oldu, insanlar daha baha və daha keyfiyyətli məhsullar almaq imkanı qazandılar.

İndi isə son 2 ildə əhalinin gəlirlərində ciddi azalma var, üstəlik, istehlak bazarında qiymətlər durmadan artır. Bu isə insanların məcburən ucuz və keyfiyyətsiz ərzaq məhsullarını alaraq ondan istifadə etmələri üçün münbit şərait deməkdir. Aşağı keyfiyyətli ərzaq məhsulları faktiki olaraq insan orqanizmində qurulmuş mina rolunu oynayır: 3-5 ilə olmasa da, 10-15 ilə öz dağıdıcı təsirini mütləq göstərəcək. Bu günün uşaqları 10-15 ildən sonra ağır xəstəliklərə daha tez-tez tutulanda, bu günün gənclərindən daha çox sayda anadangəlmə qüsurlu uşaqlar dünyaya gələndə anlaşılacaq hazırda bazar payı sürətlə artan ucuz qidaların “xeyri”. 

Sonda: məcburiyyət qarşısında qalmasa övladlarının sağlamlığını düşünən heç bir ana balasına keyfiyyətsiz qida verməz. Bu gün biz anaların belə məcburiyyət qarşısında qalmaması üçün dövlətin, onun əlaqədar qurumlarının məsələyə müdaxiləsinə ciddi ehtiyac var...