“Məni bir məzarın yanından yarı cansız tapmışdılar” – Ölülər nə deyir

meni-bir-mezarin-yanindan-yari-cansiz-tapmisdilar-oluler-ne-deyir-
Oxunma sayı: 1132


Ölülər nə deyir

Onu dəlicəsinə sevmişdim! İnsan niyə sevər? Dünyada sadəcə bir varlıqdan başqasını görməməsi, beynində sadəcə bir düşüncə olması, ürəyində sadəcə bir arzunu hiss etməsi, ya da dodaqlarında sadəcə bir adın təkrarlanması qəribədirmi, görəsən? Bir yeraltındakı bulağın sularının yerüzünə çıxmasına bənzər şəkildə ruhun dərinliklərindən dodaqlara qədər yüksələn, həmişə söylənən, təkrar söylənən, bir dua kimi hər yerdə, həmişə fısıldanan bir ad. Hekayəmizi danışmayacağam. Sevginin sadəcə bir hekayəsi vardır və o onsuzda həmişə eynidir. Tanış olmuş və bir-birimizi sevmişdik. Bax hamısı bu qədər. Bir il boyunca onun qollarında, onun şəfqətiylə, sevgisiylə, paltarlarında, sözlərində, baxışlarında, ondan gələn hər şeyə düşgün, ona bağlanmış və həbs olunmuş halda yaşamışdım. Hər şey o qədər əvəzolunmaz idi ki, gecəmiydi, gündüzmüydü, ölümüydüm, dirimiydim, hardaydım fərqində deyildim. Və o öldü. Necə ? Bilmirəm, heç bilmirəm. Yağışlı bir gecədə evə yamyaş dönmüşdü. Ertəsi gün öskürürdü. hardasa bir həftə boyunca öskürdü və yatağa düşdü. Nə olmuştu? Heç bilmirəm.

Həkimlər gəlir, yazır-pozur və gedirdilər. Dərman getirirdilər, xəstə baxıcısı bir qadın da dərmanları ona içirdirdi. Əlləri istiydi, alnı nəmli və yanırdı, baxışları parlaq ama hüzün doluydu. Onunla danışırdım, o da mənə cavab verirdi. Bir-birimizə nələr danışmamışdıq? Bilmirəm. Hər şeyi, hə hər şeyi, hər şeyi unutdum. Ölüb getdi. O sonu, o zəif iç çəkmələrini çok yaxşı xatırlayıram. "Ah!" dedi xəstə baxıcı qadın. O an anladım! Artıq heç bir şey bilmirdim. Heç bir şey...

"Gəzdiyiniz qadın" deyə danışan bir padre gördüm. Ona həqaret edir kimi səsləndi qulağımda. Madamki ölmüşdü o, artıq bunu kiminsə söyləməyə haqqı yoxuydu. Padreni qovdum. Bir başqa padre gəldi. Xoş və yaxşı idi. Mənə ondan danışanda ağladım. Dəfn mövzusunda xeyli suallar soruşdular məndə. Heç xatırlamıram. Bununla bərabər tabutunu, onu içinə qoyub tabutun mismarlarını vurarkən eşidilən çəkic səsini çox yaxşı xatırlayıram. Ah Tanrım, basdırıldı. Artıq bu çuxurun içindəydi! Bir neçə adam, bir neçə dost gəlmişdi qəbirstanlığa. Yüyürərək qaçdım oradan. Küçələrdə bir xeyli gəzdim. Sonra evə döndüm. Ertəsi gün səyahətə çıxdım.

Dünən Parisə döndüm. Otağımı, otağımızı, yatağımızı, əşyalarımızı, ölümündən sonra ondan geriyə qalan hər şeyin olduğu bu evi yenidən görəndə, içimi elə böyük bir üzüntü bürüdü ki, az qala pəncərəni açıb özümü aşağı atacaqdım. Ondan qalan hər şey; onun bədənindən, toxunuşundan, minlərcə zərrəsini saxlayan bu əşyalar, divarlar arasında qala bilməzdim. Küçəyə çıxmaq üçün şlyapamı götürdüm. Qapıya çatmamış onun evin dəhlizinə qoydurduğu böyük güzgünün önündən keçdim. Bayıra çıxmazdan əvvəl bu güzgüdə təpədən dırnağa qədər özünə baxar, paltarlarının yaraşıb-yaraşmadığını, geydiklərinin, saçlarının gözəl olub-olmadığını incələyərdi. Tez-tez onun görüntüsünü əks etdirən bu güzgünün qarşısında donub qaldım. Güzgü onu o qədər çox əks etmişdi ki, görünüşünü də mühafizə edib üstünə həkk etmişdi sanki. Gözlərimi aynasına dikmiş, düz, dərin, bu boş güzgünün önündə titrəyərək durmuşdum. Mənim baxışlarım qədər sevdalı, mənim qədər ona vurğun olan o güzgü yenə də bütünlüklə onu içində saxlamışdı sanki. O güzgünü sevdiyimi anladım. Ona toxundum; soyuq idi!

Oh! Xatirələr, xatirələr! Bütün dərdləri çəkdirən o qorxunc, o yaşayan, o ölü, o ağrı verən, yandıran güzgü! Bir güzgü əks etdiyini saxladığı, gördüyü, önündən keçən hər şeyi, sevgisinə və eşqinə sığındığı hər şeyi unudan ürəyə sahib insanlar necə də xoşbəxtdir! Nə çox əzab çəkirəm.

Küçəyə çıxdım, özümdən xəbərsiz, istəməyə-istəməyə qəbirstanlığa getdim. Məzarını tapdım. Üzərində bir neçə kəlimə yazı və mərmərdən bir xaç olan adi bir qəbir idi. Üstü belə yazılmışdı: "Sevdi, sevildi və öldü". Oradaydı, o çuxurun içində çürümüşdü! Bu nə qorxu! Alnım torpağın üstündə, hıçqırıqlarımda boğulurdum. Orada bir xeyli qaldım. Özümə gələndə artıq axşam olduğunu gördüm. O anda, qəribə və dəlicə bir arzu, ümüdsüz bir sevgili arzusu doldu içimə. Gecəni qəbirində ağlayaraq onun yanında keçirmək istəyirdim. Ama məni görsəydilər qəbirstanlıqdan çıxaracaqdılar. Nə etməliyəm? Qalxdım və bu ölülər diyarında başıboş gəzməyə başladım.Gəzdim, gəzdim. Bura yaşayanların diyarından nə qədər də balaca idi! Halbuki, ölülərin sayı yaşayanlardan çox idi. Bağların şərabını, bulaqların suyunu içən, torpağın çörəyini yeyən bizə daha böyük binalar, küçələr, daha çok yer lazım idi. Gəl gör ki, bütün ölülər üçün, bizə qədər gəlib çatan bütün ölülər üçün balaca bir torpaq parçasından başqa demək olar ki, heç bir şey gərəkmir. Torpaq onları içinə alır, unutqanlıq onları silir və əlvida!... İçində gəzindiyim qəbirstanlığın sonunda tərk edilmişlərin, yəni çoxdan ölənlərin, toprağa qarışmış, artıq xaçları belə çürümüş olanların qəbirlərinə, sabah təzə ölənlərin basdırılacağı məzarların olduğu yerə gəldib çıxmışdım. Bura güllərlə, uzun və qara çinar ağaclarıyla dolu, kədərli və insan ətiylə bəslənən böyük bir baxçaydı. Tək, yalnız idim. Bir ağacda bürüşüb qaldım. Qaranlıq və qalın yarpaqlı budaqlar arasında tamamiylə gizləndim. Və tufana düşmüş bir gəminin parçalanmış hissəsinə tutunan biri kimi ağacın gövdəsini qucaqlayıb gözlədim.

Gecə düşmüş, zil qaranlıq çökəndə gizləndiyim yerdən çıxdım və ölülərlə dolu torpağın üstündə yavaş və səssiz adımlarla yeriməyə başladım. Uzun zaman avara-avara gəzişdim. Onun qəbirini tapa bilmirdim. Qollarımı önə uzatmış, gözlərimi böyük açıb, əllərimi, ayaqlarımı, dizlərimi, sinəmi, hətta başımı məzarlara vura-vura yeriyir, amma onu tapa bilmirdim. Toxunur, yolunu axtaran bir kor kimi daşları, xaçları, dəmir çəpərləri, solğun çiçəklərin olduğu daşdan güldanları əllərimlə yoxlayırdım. Barmaqlarımı həriflər üzərində gəzdirərək adları oxuyurdum. Nə gecəydi, nə gecəydi o! Qəbri tapa bilmirdim! Ay ışığı yox idi. Hər yer qaranlıq idi. Qorxurdum. iki məzar sırası arasında olan balaca yollarda içimə dəhşətli bir qorxu yayılırdı. Qəbirlər, qəbirlər,qəbirlər. Hər yer qəbirlərlə doluydu. Sağda, solda, önümdə, arxamda hər yerdə qəbir vardı. Dizlərim tutmurdu, artıq yeriyə bilmirdim. Qəbirlərin birinin üstündə oturdum. Ürəyimin döyüntüsünü eşidirdim! Başqa şeylər də eşidirdim. Nəydi bu? Adı qoyulamayan qarmaqarışıq bir tappıltı! Hardan gəlirdi?

Özünü itirmiş başımdanmı, zülmət gecədənmi, yoxsa sirli insan cəsədləriylə dolu toprağın altındanmı? Ətrafıma baxdım! Orada nə qədər qaldım, bilmirəm. Qorxudan cınqırımı çəkə bilmirdim, özümü itirmişdim, çığırıb-bağırmağa və ölməyə hazır idim. Birdən mənə elə gəldi ki, üstündə oturduğum mərmərdən sinə daşı hərəkət edir. Bəli, sanki biri onu qaldırırmışcasına sinə daşı yerindən oynayırdı. Bir sıçrayışla özümü yandakı məzarın üstünə atdım. Az əvvəl üstündə oturduğum daşın dikəldiyini gördüm. Birdən-birə ölü göründü, çılpaq bir sklet, örtük daşını kirəcləşmiş belinə götürdü.Görürdüm, gecə necə qaranlıq olur-olsun, onu çox yaxşı görürdüm. Xaçın üzərində belə yazılmışdı: "51 yaşında ölən Jacques Olivant burada yatır. Ailəsini, dostlarını çox sevərdi, dürüst və namusluydu, Tanrının rəhmətinə qovuşdu".

Ölü də qəbir daşının üzərindəki yazıları oxuyurdu. Sonra yoldakı bir daşı, kəsgin balaca bir daşı götürdü və yazıları ehtiyyatla qazımağa başladı. Yazılanları yavaş-yavaş bütünlüklə sildi, az öncə qazıdığı yerə boş gözlərlə baxdı və bir zamanlar işarət barmağı olan sümüyün ucuyla parlaq hərflərlə yazdı: "51 yaşında ölən Jacques Olivant burada yatır. Acı sözləriylə mirasına sahib olmaq istediyi atasının ölümünü tezləşdirdi, arvadına işgəncə, uşaqlarına əziyyət etdi, qonşularını aldatdı, fürsət tapdıqca oğurluqla məşğul oldu və səfilcə öldü". Ölü yazmağı bitirəndən sonra, heç tərpənmədən əsərinə heyranlıqla baxdı. Geriyə dönüb baxanda, bütün qəbirlərin açılmış olduğunu, bütün cəsətlərin qəbirlərindən çıxdığını, hamısı gerçəyi qazımaq üçün, ailələri tərəfindən qəbir daşlarına yazılan yalanları sildiyini gördüm. Və hamısının, bu yaxşı ataların, bu sadiq qadınların, fədakar oğulların, tərtəmiz, ləkəsiz gənc qızların, bu dürüst ticarətçilərin, bu qüsursuz olduğu söylənilən kişilərin və qadınların əslində öz yaxınlarına işgəncə etdiklərini, kinli, namussuz, ikiüzlü, yalançı, şərçi və qısqanc olduqlarını, oğurluqla, aldatmaqla, utanılacaq hər cür işə qarışdıqlarını görürdüm. Hamısı sonsuzluq mənzillərinin girişinə, həyatdaykən heç kimin bilmədiyi və ya bilməz göründüyü qorxunc, zalım və qutsal gerçəyi eyni anda yazırdı. Sevgilimin də öz qəbir daşına yazmış olduğunu düşündüm. Artıq qorxmadan yarı açıq tabutların, cəsədlərin və skletlərin arasından onun məzarına doğru qaçmağa başladım. onu tezcənə tapacağımdan əmin idim. Kəfənə sarılı üzünü görməsəm də, uzaqdan tanıdım onu. Biraz öncə mərmərdən xaçın üzərində, "Sevdi, sevildi və öldü" yazılmışdı. İndi oxunanlar ise beləydi: "Bir gün, sevgilisini aldatmaq üçün evdən çıxdı, yağışa düşdü, sətəlcəm oldu və öldü".

Gün doğarkən məni bir məzarın yanından yarı cansız tapmışdılar.