“Məni çölə çıxartdılar, fikirləşdim ki, öldürəcəklər”

meni-cole-cixartdilar-fikirlesdim-ki-oldurecekler
Oxunma sayı: 854

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə baxış iclası keçirilib.

Rəhman Qəhrəmanov ifadə verərək hadisənin necə baş verməsini danışıb. O deyib ki, “Köylü” kafesində pivə içən vaxt Ədalət Həsənov, yanında 2 oğlan və 3 qız ora gəlib yan masada oturublar: “Mən tək idim, qəfildən Ədalət “bizə baxırsan” deyərək üstümə gəldi. Mən də onlara baxmadığımı dedim, amma əhəmiyyət vermədi. Ədalət və yanındakı Eminlə Nicat üstümə gəlib məni döydülər. Sonra məni çölə çıxartdılar, fikirləşdim ki, öldürəcəklər. Masanın üstündə bıçaq var idi, limonu doğramaq üçün ofisiantdan almışdım. Bıçağı götürüb cibimə qoydum. Çöldə yenə üçü də üstümə cumdu, özümü müdafiə etmək üçün bıçağı çıxarıb onlara tərəf silkələdim. Bıçaq ədalətə dəydi, ordan çıxıb getdim. Parkda biraz gəzişəndən sonra polisə gedib təslim oldum”.

R.Qəhrəmanov deyib ki, anası ilə yaşayıb və tikintidə fəhləlik etməklə ailəsini dolandırıb.

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Murad Əhməd