“Məni falçının yanına apardılar”

meni-falcinin-yanina-apardilar
Oxunma sayı: 993

Elşad Abdullayev bəzi mətbuat orqanlarında barəsində həqiqətəuyğun olmayan məlumatların yayıldığını deyir. Sabiq rektor bildirir ki, bu məlumatlar məqsədli şəkildə mətbuata ötürülür.
Onun fikrincə, bütün bunların arxasında qardaşı Mahir Abdullayevin oğurlanmasını sifariş edən şəxs dayanır: “04 dekabr 2012 -ci il tarixində Müstəqil Istintaq Komissiyasının yaranmasının iki ayı tamam olur. Lakin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin başçısı KIV-lərdə mənim əleyhimə sifariş verdiyi həqiqətəuyğun olmayan sensasiya xarakterli yazılardan görünür ki, cinayətin sifarişcisi Müstəqil Istintaq Komissiyasından çəkinmir”.

Barəmdə sensasion məlumatları cinayətkar dəstə yayır


Elşad Abdullayev bildirir ki, məqsəd qardaşı ilə bağlı işin Avropa Məhkəməsinə çıxmasının qarşısını almaqdır: “Bu gün Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə Avropada ”kürü diplomatiyası" iflasa uğrayandan sonra əllərində olan hakimiyyətin gücündən və puldan maksimum istifadə edirlər ki, bu işə Strasburq Məhkəməsində baxılmasının qarşısını alsınlar...

Bu cinayətkar niyyətlərin başlıca istiqamətlərindən biri də nəzarətlərində olan KIV-lərə mənimlə bağlı sensasiya xarakterli həqiqətə uyğun olmayan yalan məlumatların ötürülməsidir. Son zamanlar, cinayətkarların marağına uyğun olaraq bəzi qəzetçilər Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni gizlətmək məqsədi ilə mətbuatda yalana söykənən sensasiya xarakterli məlumatlar yazırlar. Onlar xalqı və istintaqı - Müstəqil Istintaq Komissiyasının çaşdırmaq məqsədi ilə bizim tərəfimizdən yayılmış 3 videoya hüquqi qiymət vermək əvəzinə Azərbaycanda adam oğurluğu kimi sosial təhlükəli bir cinayəti heç bir əsası olmayan yanlış istiqamətə yönəltməyə cəhd edirlər. Bu işlə heç bir əlaqəsi olmayan “Milyaderlər Ittifaqı”nın, Nəcməddin Sadıqov, Məhərrəm Əliyev, Ziyafət Əsgərov, Eldar Həsənov, Nizami Cəfərovun adını hallandırırlar. Ümumiyyətlə isə 30-dan çox həqiqətə uyğunolmayan yalan məlumatlar yayıblar".

Mahirin “Muğan Bank”da saxlanılması barədə yalan


Elşad Abdullayev daha sonra yazır: “Qardaşım Mahirin oğurlanmasının sifariş edən şəxs də sərəncamında olan dövlətin gücündən istifadə edərək bəzi qəzetçilərdən zərərəçəkmişi təhdid etmək və susdurmaq məqsədi ilə istifadə edib. Müstəqil Istintaq Komissiyası yalnız, mənim əleyhimə yayılan həqiqətəuyğun olmayan məqalələrin istintaqını apararsa Azərbaycanda adam oğurluğu kimi sosial təhlükəli cinayətin sifarişçisini də müəyyən edə bilər. Bu, sifarişçi də birbaşa Mahiri oğurlamaqda günahkar olan şəxsdir...
9 il müdddətində Asif Məmmədov (“Təzadlar” qəzeti) Mahirin adam oğurluğu cinayətinin sifarişçisini gizlətmək və zərərçəkmişin qohum-əqrabasını susdurmaq məqsədi ilə mənim əleyhimə yüzlərlə həqiqətə uyğun olmayan məqalələr yazıb. Biz Asif Məmmədovdan bir jurnalist kimi deyil,qardaşım Mahir Abdullayevin oğurlanmasında mütəşəkkil cinayətkar təşkilatın üzvü kimi 07 aprel 2009-cu il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etdik. Yasamal məhkəməsi elə məhkəmə zalındaca Asif Məmmədovu və Zümrüd Məmmədovanı bir il azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Bu zaman, Asif Məmmədovun yoldaşı və yaxınları Mahirin oğurluğunun tam təfəərüatı ilə əsəbi halda məhkəmənin qarşısında qışqırmağa başladılar.
Bizim başlıca məqsədimiz, zərərçəkmişin əleyhinə yazılan məqalələrin sifarişçisini müəyyən etmək olub və məhkəmənin gedişatında Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişçisi, nəhayət ki, 6 ildən sonra üzə çıxdı.

Belə ki, 18 noyabr 2003-cü il tarixində “Azərbaycan Cümhüriyyəti” qəzetində “Bank müdiri reket rolunda” sərlövhəli məqalədə deyilirdi ki, “Muğan Bank”ın Yasamal filialının müdiri Feyruz Mahiri oğurlayıbdır. Qeyd olunan bank müğənni Mətanət Isgəndərlinin evinin yaxınlığında yerləşir. Əslində bu bank süni şəkildə yaradılaraq Mahirin oğurlanmasının Mətanətin evində baş verməsini gizlətmək məqsədi daşıyır. Eyni zamanda, bank və müğənni Mətanət Isgəndərlinin Bakı şəhəri, Nizami küçəsi 4, mənzil 8-də “QAFQAZ -2" telefon danışıqları antenası dairəsində yerləşir”.

Əri polis olan falçı Lalə Elşad Abdullayevə nə deyib?


Sabiq rektoru daha sonra bildirir ki, “Muğan Bank”la bağlı iddianı əsaslandırmaq üçün onu hətta falçının yanına aparıblar: “Həmin məqalə mənə ”Təzadlar" qəzetinin jurnalisti Zümrüd Məmmədova vasitəsi ilə ötürüldükdən sonra, səhəri gün, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın xəzinədarı, hazırda həbsdə olan Arzu Kazımov məni süni yaradılmış bankın önünə gətirərək oranı göstərərək bildirdi ki, Mahiri burada saxlayırlar, hazırlıq işləri aparırıq sabah gecə bura basqın edib Mahiri azad edəcəyik.

Bundan sonra da, məni həmin gün saat 22:00 radələrində Zabratda dörd yolun Pirşağı istiqamətində yerləşən əri polis olan falçı-baxıcı Lalənin evinə apardı ki, Elşad müəllim, baxıcı Lalə xanım hər şeyi tapır, indi sənin falına baxıb Mahirin yerini dəqiq deyəcək. Üç saat müddətində, yuxarıda qeyd olunan cinayətkarcasına yazılmış məqaləni əsaslandırmaq üçün baxıcı Lalə xanım məni başa salmağa cəhd etdi ki, qardaşınız Mahiri Bakının mərkəzində bankda saxlayıblar. Lakin, hələ də bu axmaqlar başa düşməmişdilər ki, mən baxıcıya gələnə qədər Bankı yoxlamışdıq. Məlum olmuşdu ki, Arzu Kazımovun və Asif Məmmədovun “Muğan Bank”ın Yasamal filalı müğənni Mətanət Isgəndərlinin evini gizlətmək üçün cinayətkar-axmaqların uydurmasıdır".

Elşad Abdullayev hesab edir ki, ki, Müstəqil Istintaq Komissiyası onunla bağlı yazılan həqiqətə uyğun olmayan məlumatların sifarişçilərini də istintaqa cəlb etməlidir.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə rəhbərlik etdiyi mətbu orqanına açıqlamasında Elşad Abödullayevin söylədikləri barədə deyib: “Elşad Abdullayev bekar adamdı və bütün günü Fransadan Azərbaycana hakimiyyəti və ölkənin tanınmış insanlarını şantaj edən bəyanatlar verməklə məşğuldur, odur ki, belə bir adama baş qoşmaq mənasızdır”.

“Azadlıq” qəzeti