“Məni tənqid edənlər bizim dəstəkçimizə çevriləcək…”

meni-tenqid-edenler-bizim-destekcimize-cevrilecek
Oxunma sayı: 4383

“Məni sosial şəbəkələrdə tənqid edənlərlə tanış olmuşam. Bunlar iki qrupa bölünür. Bir qrup ümumiyyətlə, seçkiləri boykot  edənlərdir. Onlar elə namizədlərin hamısını tənqid edir.  Bu subyektiv yanaşmadır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “Ağ” partiyasının sədri Tural Abbaslı prezident seçkilərində namizəd olmasını tənqid edənlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, siyasətçinin seçkini boykot etməsi qeyri-ciddi və effektsiz bir addımdır:

“Bizi tənqid edən ikinci qrup şəxslər isə “bu gəncdir, bu kimdir, uşaqdır” kimi ifadələr işlədirlər. Böyük əksəriyyəti məni tanımadığından belə bir fikir səsləndirirlər. Çünki bu günə qədərki siyasi fəaliyyətimdən məlumatları yoxdur. Çoxusu elə bilir ki, hakimiyyətyönümlü partiyayıq, həvəskar qismində bu prosesə qatılmışıq.  

Biz özümüzü tanıtdıqca, siyasi yolumuz barədə məlumat verdikcə tənqidlərin böyük əksəriyyəti aradan qalxacaq. Onlar bizim dəstəkçimizə çevriləcək.  Bu bizi ciddi almamaqdan da irəli gələ bilər.  Artıq 18 ildir ki, siyasətlə məşğulam.  Bu günə qədər Azərbaycanda olan ciddi siyasi hadisələrdə lider səviyyəsində olmasam da iştirak etmişəm. İctimai Palatanı qurmuşuq. Milli Şuranın təsisçisi olmuşuq. Güman edirəm ki, bu kifayət qədər ciddi bir siyasi görünüşdür. Biz necə ki hakimiyyəti neçə illərdir ki, dəyişməməkdə, eyni adların qalmasında tənqid edirik, müxalifətdə də eyni durum olduğunu bilirik.  1989- cu ildən arenada meydandan çıxmayan yeni bir ad yoxdur. Müxalifət deyəndə iki-üç ad dövr edir. Bu da əslində siyasilərin səhvidir ki, indiyə kimi yeni adlar təqdim etməyiblər, onun ziyanını da biz çəkirik. Bizdən sonrakı nəsillərə isə proses daha rahat olacaq. Özümüzü  tanıtmağa imkan olsa bu tənqidlər bir-iki günə aradan qalxacaq.

Biz bizə “ bu kimdir” deyənlərin statuslarının altına özümüzün tərcümeyi-halımızla bağlı məlumat verdik. Ondan sonra bir çoxlarının fikri dəyişərək “niyə də  namizəd olmasın” yazdılar”. 

Günel Türksoy