Mənim neçə düşmənim var?..

menim-nece-dusmenim-var
Oxunma sayı: 653

Cababdeh təşkilatın operativ reaksiyası məni məmnum etdiyi həmin dəqiqələrdə “Azərsu” rəhbərliyində çalışan bir dostum telefon açıb, giley-güzarını çatdırdı: “Hansı qohumunun suyunu kəssələr, dərhal mənə xəbər elə. Belə xırda məsələlərə görə Qorxmaz müəllimi tənqid etmək lazım deyil. Sənin bir zəngin kifayətdir ki, bütün qohumlarının qapısına su xətti çəkək”.

Cavabım belə oldu: “Mən istəyirəm ki, siz bütün şikayətçilərin problemini həll edəsiniz. Axı, hamının qohumu jurnalist deyil...”

Səsinin tonundan başa düşdüm ki, dostum məndən bərk incidi...

Orta və yaşlı nəsli təmsil edən insanlar yəqin ki, xatırlayırlar: Azərbaycanın keçmiş rəhbəri Əbdürrəhman Vəzirov tez-tez toppuş əllərini açıb, belə deyirdi: “Azərbaycan mənim ovcumun içi qədər kiçik ölkədir”. O vaxt Azərbaycandan kənara çıxmadığım üçün Vəzirovun bu sözlərinə gülürdüm. Amma illər sonra Rusiya, İran, Türkiyə kimi böyük ölkələri dolaşmağa başlayanda Vəzirova haqq qazandırdım. Azərbaycan hətta o qədər kiçik ölkədir ki, özünə düşmən saydığın adamla həftədə ən azı üç dəfə qarşılaşa bilərsən...

Masallıda işıq üzü görən “Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov region mətbuatında işləməyin çətinliyindən danışanda, bir dəfə belə demişdi: “Abıyevlər yeddi-səkkiz qardaşdır. Səhər birini tənqid edəndə, axşam o biri ilə məclisdə qarşı-qarşıya gəlirsən”.

Bakıda yaşamağıma baxmayaraq, mən özüm də tez-tez bu cür vəziyyətlə qarşılaşıram. Ötən ilin dekabrında Milli Məclisin deputatı Hüseynbala Mərələmovun ünvanına kəskin ifadələr işlətdiyim gün bir dostmuzun toyunda onunla üz-üzə gəlmişdim. Təəssüf ki, üzümü yana çevirməyimin də bir xeyiri olmamışdı. Çünki yan tərəfdə dayanmış deputat Hadı Rəcəblinin əleyhinə cəmi üç gün əvəvl yazmışdım...

On beş ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğulam. Əlimə qələm aldığım ilk gündən dost-tanış deyir: “Onun-bunun əleyhinə yazıb, özünə düşmən qazanma!”

Hər dəfə bu qınaqla qarşılaşanda, öz-özümə deyirəm: görəsən, mənim neçə nəfər düşmənim var? Sonra isə indiyə kimi əleyhinə yazdığım vəzifəli şəxsləri və onların rəhbərliyi altında çalışan adamları gözümün qabağına gətirirəm. Dostlarımın sayı ilə müqayisədə ortaya kiçik bir rəqəm çıxır. Buna görə də hər gün bir-iki nəfərin yazdığım tənqiddən inciyib, məndən üz çevirməsi zərrə qədər də əhvalıma təsir göstərmir. Bilirəm ki, bu ölkədə haqq-ədalət uğrunda mübarizə aparan hər kəs məni özünə dost bilir. Aldığım saysız-hesabsız oxucu məktubları da bunu sübut edir. Və təbii ki, bu sevgi qarşlıqlıdır...

P.S.Təsadüf elə gətirdi ki, bu yazını ad günümdə yazmalı oldum. İstəsəniz, bu kiçik qeydləri sıravi bir juralistin doğum günündə özünə verdiyi hesabat kimi də qəbul edə bilərsiniz. Məncə, hər bir insan heç olmasa, ildə bir dəfə öz vicdanı qarşısında hesabat verməyi bacarmalıdır...