“Mənim Universitetim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

menim-universitetim-musabiqesinin-qalibleri-mukafatlandirilib
Oxunma sayı: 1173

Azərbaycan Universitetinin 26-cı ildönümünə həsr olunmuş “Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandıırlıb.

"Qafqazinfo" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Səadət Əliyeva müsabiqənin tarixçəsi, gedişatı və yekunları haqqında məlumat verib. Qeyd edib ki, müsabiqədə universitetin tələbələri ilə yanaşı məzunları da iştirak edib. Rektor bildirib ki, Azərbaycan Universiteti məzunlarının uğuruna sevinir, onların məşğulluq səviyyəsi ilə daim maraqlanır və daha sıx əlaqələr qurmağa çalışır.  

Tədbirdə söz alan qaliblər müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edərək, universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra qaliblərin mükafatlandırılması mərasiminə keçilib. Münsiflər heyətinin qərarına əsasən universitetin Tarix ixtisası üzrə 2008 məzunu Heydərli Şəfəq müsabiqənin qalibi elan olunub. Dünya iqtisadiyyatı ixtisası üzrə 2016 məzunu Əsədova Aytən II yeri, Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə 2017 məzunu Əliyeva Gülər isə III yeri tutub.

Qaliblər universitet rəhbərliyi tərəfindən sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar. Müsabiqənin qalibinə notbuk, II və III yerin sahiblərinə isə müvafiq olaraq planşet və smartfon təqdim olunub.

Müsabiqənin qalibi Heydərli Şəfəq Ağstafa rayonu Qıraq Kəsəmən kənd orta məktəbinin tarix müəllimidir. II yerin sahibi Əsədova Aytən isə Azərbaycan Universitetində İnsan resursları üzrə menecer vəzifəsində işləyir.

Münsiflər heyəti tərəfindən fərqləndirici nominasiyalar da müəyyənləşdirilib. Beynəlxalq hüquq ixtisası üzrə 2005-ci il bakalavriat və 2007-ci il magistratura məzunu Səbuhi Musayev, Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə 2014-cü il məzunu Vüsal Kazımov, Tərcümə ixtisası üzrə IV kurs tələbəsi Axundova Vəfa, Kompüter elmləri ixtisası üzrə magistratura II kurs tələbəsi Alagözova Zibeydə və Tarix ixtisası üzrə magistratura I kurs tələbəsi Əsgərova Günayın müsabiqəyə təqdim etdiyi yazılar xüsusi sertifikata layiq görülüb.