Menyudan çörək çıxarılmalıdır

menyudan-corek-cixarilmalidir
Oxunma sayı: 4028

Azər Qismət

Son vaxtlar manatın devalvasiyaya uğraması fonunda hansı məhsullara qənaət olunması gündəmdədir. Həmin məhsullardan biri də çörəkdir. Gəlin etiraf edək ki, biz azərbaycanlılar çox çörək yeyirik. Bu da nəticədə onun tullantı qalağına çevrilməsinə gətirib çıxarır.

FAO-nun hesablamalarına əsasən, Azərbaycanda meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilər 25 faizdən çox təşkil edir. Bu da narahatedici məqamlardan birinə çevrilməkdədir. Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə ehtiyac duyulur. Bəs, maarifləndirmə özündə nələri ehtiva etməlidir?

Maarifləndirmə əvvəlcə mətbəx verilişlərindən başlanmalıdır. Həmin verilişlərdə tavada qaynayan yağları (yeri gəlmişkən belə qaynar yağlar potensial xərçəng mənbəyidir) göstərərkən, çörəyin orqanizmə zərəri barədə də danışılmalıdır. Xüsusilə, ağ çörəyin orqanizmə vurduğu zərərlər əsas götürülməlidir. Bunun üçün verilişə həkimlər, yaxud dietoloqlar çağırılmalıdır. Həmin həkimlər konkret şəkildə deməlidir ki, azərbaycanlılar Rusiyada 2-3 çörəyi birdən yeyib rusların təəccübünü qazanmalarına dair nağılları yığışdırsınlar. “Rusların çörəyinin bu başından baxanda o biri başı görünürdü”, “Çörəyi az yediklərindən ayaq üstə dura bilmirdilər” tipli ironiyalar danışığımızdan çıxarılmalıdır. Onlar ayaq üstündə də dururlar, üstəlik mədə-bağırsaq xəstəliyinə tutulmurlar. Hələ özümüzdən xəbərimiz yoxdur ki, hər il nə qədər mədə-bağırsağa dair əməliyyatlar həyata keçiririk, ürək cərrahiyə əməliyyatlarının sayında da artım var. Bunun səbəbi zərərli vərdişlərlə yanaşı, həm də çörəkdir. Menyudan ümumiyyətlə ağ çörək çıxarılmalıdır. Həm xəstəliklərin qarşısını alarıq, həm də aqrar sektorda yeni-yeni taxıl sahələrinin artırılmasına ehtiyac qalmaz. Yaxud, təlabatın müəyyən hissəsi Rusiya və Qazaxıstan kimi ölkələrdən idxal edilməz.

Hələ onu demirəm ki, hər gün zibil qutularına sutka ərzində tonlarla çörək atırıq. Əvvəllər heç olmasa hörmət əlaməti olaraq qutuların kənarına qoyulurdusa, indi ümumiyyətlə içinə atılır. Bunun da səbəbi odur ki, biz gün ərzində lazım olan çörək ehtiyatımızı hesablaya bilmirik. Qar yağır, ehtiyac olandan 2-3 artıq çörək alırıq. İllah da xəbər veriləndə ki, axşam evə qonaq gələcək, bax onda 5-6 çörəyi alıb ehtiyat qoyuruq: “Birdən qonağın yanında xəcil olaram”. Xəcil olmaq demişkən…Ərzaq məhsullarını alarkən bir problemimiz də lovğalığımızdan irəli gəlir. Bizdə nəyisə qramla almaq praktikası yoxdur. Məsələn, 200 qram pendir sifariş verəcəyin təqdirdə satıcının ürəyində güləcəyindən qorxuruq. Hər şeyi mütləq kilo ilə alırıq ki, kasıb olmağımızı gizlədək. Halbuki xəbərimiz yoxdur ki, Azərbaycanın 1 il ərzində taxıla olan təlabatı ilə Böyük Britaniya özünü 2 il dolandırır. Ərazi və əhali baxımdan nəzər salanda adamın gözü kəlləsinə çıxır.

Bundan başqa Milli Məclisdə qida israfçılığının qarşısının alınması istiqamətində də qanun qəbul edilməsi məqsədəuyğun olardı. Artıq Avropanın bəzi ölkələrində bu istiqamətdə ciddi tədbirlər görülməkdədir. Məsələn, Fransa parlamentinin aşağı palatası “Qida israfçılığı haqqında” qanun qəbul edib. Layihəni təqdim edən Fransanın sabiq ərzaq naziri Qiyom Qaronun hesablamalarına görə “1 fransız ailəsinin il ərzində atdığı ərzaqla 56 nahar hazırlamaq mümkündür”. Adıçəkilən qanun layihəsinə görə bundan sonra iaşə şəbəkələri və supermarketlərin vaxtı ötmüş ərzağı təchizatçıya qaytarmağa ixtiyarı yoxdur. Eyni zamanda məhsulların özbaşına utilizasiyasına da icazə verilməyəcək. Vaxtı ötən və ya xarab olmuş ərzaqlar çeşidlənərək mal yemi, kompost istehsalı və ya enerji alınması üçün istifadə ediləcək.

Bizdə isə kiflənən çörəkləri paytaxtın həyət evlərində inək-qoyun saxlayanlar istifadə edirlər. Həmin çörəklərə su səpib heyvanlarına yedirdirlər. Yaxud, belə çörək qalaqları hansısa hərbi hissədə saxlanan donuzların qarşısına tökülür. Uzaqbaşı hansısa səfil belə çörəkləri zibil qutularından götürüb suxari hazırlayır. Belə edənlərin sayı da təkəm-seyrəkdir.

Bir sözlə istər manat devalvasiyaya uğrasın, ya uğramasın, istər neftin qiymətində dəyişkənliklər baş versin, ya verməsin, fərq etməz. Biz gündəlik menyumuza bir daha nəzər salmalıyıq. Qənaət məsələsinə əməl etsək, bir xeyli qabağa düşərik. Həm pulumuzda, həm sağlamlığımızda.