Məqsədimiz – hər kəsin bankı olmaqdır! – Müsahibə

meqsedimiz-her-kesin-banki-olmaqdir-musahibe
Oxunma sayı: 1309

-Xalid müəllim, Azərbaycan bank sektorunun ən fəal banklarından olan Unibank ötən ili necə başa vurdu?
- Unibank olaraq ötən ili yüksək göstəricilərlə başa vurduq. Bir çox uğurlu layihələrə imza atıldı və nailiyyətlər qazanıldı. Qarşıya qoyduğumuz strategiyanın uğurla reallaşması nəticəsində, Unibank ölkə bazarında layiqli yerini tutmaqdadır. Təkcə son bir ildə Bankımızın nizamnamə kapitalı 37 faiz artaraq, 62 milyon manata çatıb. Bu xoş statistika özünü Unibankın kredit portfelinin 30 faizə yaxın artmasında da göstərir. Müştəri məmnuniyyətini əsas məqsədlərindən hesab edən Bankımıza inam, etibar günü-gündən artmaqdadır. Təsadüfi deyil ki, başa vurmaqda olduğumuz bu ildə, qoyulan depozitlərin həcmi 41% artıb. Hər kəsin Bankı olmağı özünə şüar seçən Unibank, 2012-ci ili 88%-lik müştəri artımı ilə başa vurdu. Unibank daim müştərilərinin rahatlığı üçün çalışmaqdadır. Bu istiqamətdə bir sıra işlər görülüb və görülməkdədir.
Unibank müştərilərinə xidmət şəbəkəsini genişləndirməkdə, filialların sayını artırmaqda davam edir. Təkcə ötən il yeni açılan filiallarımızı sayı 6 (İmişli, İsmayıllı, Bərdə, Xalqlar,Xırdalan,Mərdəkan) olub. Bu xidmət nöqtələri həm paytaxtı, həm də regionları əhatə edir. Filial şəbəkələrini genişləndirdiyimiz zaman, ən əsas məqsədimiz müştərilərə daha yaxın olmaq, onların bütün növ bank xidmətlərinə tələbatlarını vaxtında və keyfiyyətlə ödəməkdir. Hər kəsin bankı olaraq, hər kəsə vaxtında və hər növdə bank xidməti göstərmək əsas amalımızdır. Müştərilərə daha rahat xidmət strategiyası hazırlanmışdır. Sənəd dövriyyəsi maksimum azaldılaraq, xidmət sadələşdirilib, texniki təminat gücləndirilib.
Müştərilərimizə daha operativ xidmət göstərmək məqsədilə, ötən ilin sonlarından filiallarda iş saatları uzadıldı, bununla da müştərilər normal iş saatlarından kənar vaxtda belə bankımıza yaxınlaşaraq, bank xidmətlərinə tələbatlarını ödəmək imkanı qazandılar. Xidmət səviyəsinin yüksəldilməsi, yeni məhsulların müştərilərin istifadəsinə daha tez və operativ çatdırılması üçün müasir standartlara cavab verən proqram təminatı yaradılmışıdır. Tələb edilən texniki avadanlıqlar quraşdırılmışdır.

- 2012-ci ildə Unibank bazara davamlı olaraq, yeni məhsullar çıxarmasıyla da yadda qaldı...
- Qeyd etməliyik ki, müştərilərin ehtiyaclarına yönəldilmiş bir sıra məhsul növləri yaratdıq. Mövcud məhsul növləri üzrə isə məlumatlandırıcı aksiyalar keçirdik. Yeni yaradılan məhsul növləri ilə yanaşı, mövcud məhsul növləri də daha yüksək, daha keyfiyyətli olmaqla müştəri məmnuniyyətinə xidmət edir. Bizim xidmət strategiyamız müştəilərimizin istək, arzu və iradlarını öyrənərək, sırf onların ehtiyaclarını ödəməyə yönələn bir strategiyadır.
Ayrıca, bazara çıxarılan hər məhsul növü üzrə geniş aksiyalar keçirilir. Məsələn, biz “müəllim aksiyası” keçirdik. Yadınızdadırsa, hörmətli təhsil naziri Misir Mərdanovun iştirakı ilə “Hilton” otelində baş tutdu. Bu aksiya çərçivəsində dəyərli müəllimlərimizə yönəlmiş bir məhsul təqdim edildi. Təqdimatda iştirak edən müəllim heyəti məlumatlandırıldı və tədbirin sonunda hər bir müəllim UNİBANKın müəllim kartı ilə təmin edildi. Bu sadəcə bizim keçirdiyimiz aksiyalardan biri idi. Bu tədbirlə yanaşı həkimlər, dövlət qulluqçuları, metropoliten işçiləri üçün də bu cür aksiyalar keçirilmişdir.
- Ötən il sizin bankın ALBALI kartı bazara çox böyük iddia ilə girdi. Bazarda yerini tuta bildimi?
-Bizim təqdim etdiyimiz məhsullar arasında öz uğuru ilə seçilən məhsullardan biri- taksit layihəsi oldu. Artıq hər kəsin çox sərfəli kart kimi tanıdığı ALBALI müştərilərimiz arasında həqiqətən çox böyük marağa səbəb oldu. Taksit layihəsi sayəsində müştərilərimiz, xərclərini daha yaxşı planlaşdıra biləcək. Bu layihə üzrə partnyor şəbəkəmiz, demək olar ki, hər gün genişlənməkdədir. ALBALI kartı ilə bağlı partnyorlarımızın sayı 350-ni ötüb. Müştərilərimiz bu məhsul vasitəsi ilə alış- veriş etdikləri zaman, eyni vaxtda bonus da qazanırlar. Bir nüansı yenə vurğulamaq istəyirəm ki, müştərilərin rahatlığına yönəlmiş olan xidmət strategiyamızın əsası müştəri məmnuniyyətidir.
Müştərilərimiz ALBALI üzrə nağdsız hesablaşmaları icra etdikdən sonra , hər hansı filialımıza yaxınlaşaraq, istər əməiyyatçılar, istərsə də “Cash-in” aparatları vasitəsi ilə öz ödənişlərini həyata keçirə bilərlər. “Cash-in” aparatları ödənişdə heç bir çətinlik yaratmamaqla bərabər, həm də müştərilərin vaxtına da qənaət edir.
Çox tezliklə internet üzərindən də kredit ödənişləri aparmaq mümkün olacaqdır..
- 2012-ci il marketinq fəaliyyəti baxımından Unibank üçün nələrlə yadda qaldı?

- Ötən il biz marketinq fəaliyyətlərimizi genişləndirdik, sosial şəbəkələr və bir sıra reklam vasitələri ilə müştərilərimizlə kommunikasiya əlaqələrini daha da gücləndirdik. Facebook ve twitter sosial şəbəkərlərində UNİBANK-a məxsus profil səhifələr mövcuddur. Biz , bu vasitə ilə müştərilərimizə daha yaxın olub, onların təklif və iradlarını öyrənir, eyni zamanda bankın bütün yenilikləri ilə tanış edirik. Bununla yanaşı, ictimaiyyətlə daha sıx əlaqələr üçün bir sıra yarışmalar, müxtəlif növ treyninqlər keçiririk.

- Unibank həm də ən çox vakansiya elan edən banklar sırasındadır...
- Bəli. Biz ötən ildə kadr siyasətində bəzi dəyişikliklərə imza atdıq. İşçi heyətinin mövcud strategiyaya uyğunlaşdırılması məqsədilə işlər görüldü. İşlə təmin olunmaq arzusunda olan bir çox namizəd, Unibankla əməkdaşlığa başladı və onların bu sahədə bilik və bacarıqlara sahiblənməsi üçün müvafiq treyninqlər keçirildi. Bir faktı deyim, ötən il 300-ə yaxın yeni əməkdaş Bankımızın kollektivinə qoşulub.
- Bankın müştərilərini daha hansı yeniliklər, yeni xidmətlər gözləyir?
- Daim inkişafda olan Unibank, 2013-cü ildə də müştərilərini yeni və fərqli xidmətləri ilə sevindirəcək. Hər kəsin bankı olmaq missiyasını götürən Unibank, 2013-cü ildə müştərilərini sevindirmək istiqamətində daha böyük işlərə, uğurlara imza atmaq niyyətindədir.