Mərhum alimin yubileyi qeyd olundu

Mərhum alimin yubileyi qeyd olundu
Oxunma sayı: 668

Mərhum əməkdar elm xadimi, professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirdə elm xadimləri, ədəbi-bədii mühitin nümayəndələri, alimin ailə üzvləri iştirak edib. 

Yazıçılar Birliyinin katibi İlqar Fəhmi S. Əlizadənin elmi yaradıcılığından, zəngin ədəbi irsindən danışıb. Bildirib ki, 1938-ci ildə anadan olan S. Əlizadə BDU-nun filologiya fakültəsində müəllimliyə başlayıb, daha sonra baş müəllim, dosent,  professor vəzifələrində çalışıb. Onun tədqiqat əsərləri Azərbaycan tarixi filologiyasının müxtəlif sahələrinin – tarixi qrammatika, etimologiya, mətnşünaslıq, poetika və ədəbi dil tarixinin fundamental nəzəri və təcrübi məsələlərinin həllinə həsr olunub. S. Əlizadənin “XVI əsr Azərbaycan ədəbi dili”, “Klassik Azərbaycan şairləri söz haqqında”, “Azərbaycan ədəbi dili tarixindən praktikum”, “Orta əsrlərdə Azərbaycan yazı dili”, “Əski Azərbaycan yazısı”, “Şah beytlər” və s. kitabları bu qəbildəndir. 

Azərbaycan filologiyasında Həsənoğlunun türkcə üçüncü şeiri, “Əhməd Hərami dastanı” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi, türkologiya üçün böyük önəmi olan folklor və dil abidəsi “Oğuznamə”nin əlyazmasının üzə çıxarılıb ictimaiyyətə çatdırılması, eləcə də çapa hazırlanıb nəşr olunması mərhum alimin işlərindəndir. 

S.Əlizadə 12 kitabın, 200-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi, ümumi həcmi 300 çap vərəqi olan 20-dən artıq kitabın elmi ixtisas redaktoru olub. Azərbaycan Respublikası Prezidenti yanında  AAK Ekspert Şurasının üzvü olan alim 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi münasibətilə Dövlət Komissiyasına da üzv seçilib. 

S.Əlizadə 2002-ci ildə Bakıda vəfat edib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi