Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir

meriya-behram-bagirzade-ve-tahir-imanova-yer-beyendire-bilmir
Oxunma sayı: 6966

Xəbər verdiyimiz kimi, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T. İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib. Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib.

Lakin təklif edilən yerlər Bəhram Bağırzadə və Tahir İmanov tərəfindən bəyənilməyib.

Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilməsində israr edir.

Qeyd edək ki, B.Bağırzadə heykəlin “Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.

T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır.