Mərkəz bələdiyyə seçkilərindən imtina etdi

merkez-belediyye-seckilerinden-imtina-etdi-
Oxunma sayı: 673

Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, SMDT bunu ötən bələdiyyə seçkilərindən iki il keçməsinə baxmayaraq, çatışmazlıqların aradan qaldırılmaması və ölkənin seçki mühitində müsbət dəyişikliklərin baş verməməsi ilə əlaqələndirib. Mərkəz, həmçinin ölkə üzrə mövcud olan 1718 bələdiyyədən 330 bələdiyyə üzrə 30 noyabr 2011-ci ildə keçiriləcək təkrar, əlavə və yeni seçkilərin nəticələrinin ümumi seçki mühitinə hər hansı təsirinin olacağını gözləmir. Bunları nəzərə alaraq, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 30 noyabr 2011-ci ildə keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri müşahidə etməyəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) yekun qərarına əsasən bəzi bələdiyyələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Bununla bağlı MSK-nın qərarına əsasən noyabrın 30-da ölkə ərazisində 330 bələdiyyə üzrə 464 yer üçün təkrar, əlavə və yeni seçkilər keçiriləcək.

SMDT 23 dekabr 2009-cu il bələdiyyə seçkilərini müşahidə edərək keçirilmiş seçkiləri azad, ədalətli və demokratik hesab etməyib. Seçkilərin bütün mərhələlərində, əsasən də seçkiqabağı təşviqat və seçki günü səsvermə üzrə müşahidələrə əsasən həmin seçkilərin rəqabətsiz və alternativsizlik şəraitində baş verdiyini, Azərbaycan xalqının həqiqi iradəsini ifadə etmədiyini bəyan edib.
SMDT qeyd edir ki, 23 dekabr 2009-cu il Bələdiyyə seçkilərindən sonra yerli və beynəlxalq təşkilatlar seçkilərlə bağlı hesabatlarını açıqlayaraq yaranmış çatışmazlıqların aradan qaldırılması üçün təklif və tövsiyyələr irəli sürsələr də, ötən müddət ərzində Azərbaycan hökuməti bununla bağlı heç bir addım atmayıb. Bununla yanaşı seçkilərdən sonra namizədlər və müşahidəçilər öz hüquqlarının pozulması ilə bağlı şikayətlər etsələr də, şikayətlər ədalətli və hərtərəfli araşdırılmayıb.
SMDT 23 dekabr 2009-cu il Bələdiyyə seçkiləri ilə bağlı Yekun hesabatını aşağıdakı linkdə əldə etmək olar: http://smdt.az/content/belediyyet.html