Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirdi

merkezi-bank-maliyye-savadliligi-movzusunda-treninq-kecirdi
Oxunma sayı: 641

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, 7-14 aprel tarixlərində keçirilən seminarın əsas məqsədi gələcəkdə məktəb kurikulumlarında maliyyə maarifləndirilməsi aspektinin gücləndirilməsi, bankların bu işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub.

Seminar tədbirlərində Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun məsul işçiləri, habelə kommersiya banklarının əməkdaşları və Biləsuvar Liseyinin müəllimləri iştirak ediblər. Almaniyadan dəvət olunmuş ekspert, fəlsəfə doktoru Knut Boykun məşğələləri seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarda maliyyə savadlılığı, cib xərcliyi, büdcə planlaşdırılması, əmanətlər, bank məhsulları, sahibkarlıq və sair mövzular üzrə məlumatların müxtəlif fənlərin tədrisi prosesində istifadəsi, həmin mövzuların müxtəlif fənn kurikulumları və tədris proqramlarına inteqrasiyası barədə təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb.
Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları tərəfindən cari ilin avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək müxtəlif alətlərin hazırlanması nəzərdə tutulub.

Seminarın yekununda iştirakçılara Mərkəzi Bankın strateji fəaliyyət istiqamətlərindən biri olan “Maliyyə savadlılığı” layihəsi barədə qısa məlumat verilib.

Nigar Məmmədli