Mərkəzi Bank “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” oldu

merkezi-bank-netty-musabiqesinin-ilin-en-yaxsi-dovlet-sehifesi-oldu
Oxunma sayı: 818

Azərbaycan Mərkəzi Bankının İnternet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalibi elan olunub. Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, 2011-ci ildə internet səhifəsi öz fəaliyyəti ilə dövlət strukturları arasında “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə 1-ci mərhələdə ictimaiyyət tərəfindən, ikinci mərhələdə isə münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
Müsabiqədə dövlət, elm və təhsil, mədəniyyət və incəsənət, informasiya və xəbərlər, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifə iştirak edib.

Mükafatı Mərkəzi Banka Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təqdim edib.

Qeyd edək ki, “Netty” müsabiqəsi 2005-cı ildən fəaliyyət göstərir, “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi dövlət qurumları qalib gəliblər.

Nigar Məmmədli