Mərkəzi Bankın layihəsi yekunlaşır

merkezi-bankin-layihesi-yekunlasir
Oxunma sayı: 656

Sistem Mərkəzi Bankın kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət Departamenti üçün yaradılıb. Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycan Respublikası ərazisində olan kreditlərə aid məlumatların təhlil edilməsi üçün banklar və qeyri-bank kredit təşkilatları üzrə informasiya sisteminin yaradılmasıdır. Sistem Azərbaycanın SİNAM şirkəti tərəfindən EMS platforması üzərində Oracle verilənlər bazasının tətbiqilə yaradılıb.
Layihə çərçivəsində EMC Reporting Services vasitəsilə hesabat formalarının yaradılması prosesi başa çatıb ki, bu da bütün zəruri hesabat formalarını, o cümlədən sənəd dövriyyəsi sistemi üçün lazım olan qrafikləri yaratmağa imkan verib. Həmçinin qeyd etmək lazımdır ki, sistemin bütün kontentinin saxlandığı EMC Content Server sistemi də quraşdırılıb.

EMC Source One sistemi də quraşdırılıb sazlanıb. Həmin sistem böyük həcmdə electron poçtlarını arxivləşdirməyə və sistemdə məlumat axtarışı zamanı konkret bir mövzuya aid olan bütün yazışmaları tapmağa imkan verir.

Azərbaycanda fəaliyyət göstərən banklara və qeyri-bank kredit təşkilatlarına aid bütün məlumatların yerləşdiyi analitik sistem tətbiq olunub və bununla da məlumatların operativ şəkildə əldə olunması üçün imkan yaradılıb.

Hazırda yalnız menecment informasiya sistemində (MİS) və sənəd dövriyyəsi sistemində çalışa bilmək üçün əməkdaşların təlimi mərhələsi yekunlaşmayıb. Layihənin digər mərhələləri isə uğurla başa çatdırılıb.

Nigar Məmmədli