Mersi Tembon Gəncədə - Fotolar

Mersi Tembon Gəncədə
Oxunma sayı: 1188

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin muzeyini ziyarət edib. 

“Qafqazinfo” xəbər verir ki, Dünya Bankı rəsmisinə hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi bu binanın müstəqil Azərbaycan dövlətinin ilk hökumət binası olduğu bildirilib.

Mersi Tembonun Gəncəyə səfəri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

Azərbaycanın qürurverici tarixə malik olduğunu bildirən xanım Tembon qeyd edib ki, ölkəmizin müstəqilliyinin bərpasından sonra Dünya Bankı daim öz dəstəyi ilə Azərbaycanın yanında olub və hal-hazırda iqtisadiyyatın bütün sahələrində inkişafa dəstəklə bu yaxınlığı nümayiş etdirir.

“Bu gün Azərbaycanın qərb bölgəsinin mərkəzi, qədim Gəncə şəhərində olmaqdan məmnunluq duyuram. Şadam ki, 25 illik etimada əsaslanan əməkdaşlığımız müddətində Dünya Bankı Azərbaycanın inkişafına töhfə verib. Mən kənd təsərrüfatının  və kənd yerlərinin inkişafı sahəsində əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. Əminəm ki, birgə işimiz Azərbaycanın bütün bölgələrinin dayanıqlı və tarazlı tərəqqisinə gələcəkdə də kömək edəcək”- deyə M. Tembon deyib.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Dünya Bankı Azərbaycan Hökumətinin ən etibarlı və mühüm tərəfdaşlarından biridir.

Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir neçə layihənin həyata keçirildiyini diqqətə çatdıran S.Talıbov hazırda davam edən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi və  İkinci Kənd İnvestisiya Layihəsini xüsusilə vurğulayıb.

Tədbirin ADAU-da keçirilməsinə diqqəti çəkən nazir müavini gələcəyin aqrar mütəxəssislərinin Azərbaycan hökumətinin və Dünya Bankının ölkədə həyata keçirdikləri layihələrdən xəbərdar olmalarının vacibliyini bildirib. Nazir müavini Dünya Bankının layihələrdə kadr hazırlığına xüsusi diqqət verdiyini əlavə edib. Xüsusilə, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin iştirakının, heyvan sağlamlığı və baytarlıq təbabəti ixtisası üzrə təcrübi fəaliyyətlərə cəlb edilmələrinin, bitki mühafizəsi ixtisası üzrə kurrikulum hazırlanmasının, elmi-tədqiqat işləri ilə məşğul olan gənc kadrların xaricdə və ölkəmizdə müxtəlif proqramlarda iştirakının gələcəyin aqrar mütəxəssis potensialının gücləndirilməsinə töhfə olduğunu vurğulayıb.

Tədbirdə Dünya Bankı ilə birgə həyata keçirilən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yerli şitil, yerli tərəvəz toxumu və yerli kişmiş istehsalı dəyər zənciri sub-layihələri qrantı almış Samux və Şəmkir fermer-sahibkarları ilk dəfə olaraq, öz layihələrini ictimaiyyətə təqdim ediblər.  

Tədbirdən sonra Dünya Bankı nümayəndələri ADAU yataqxanasındakı şəraitlə və universitetdə yeni tikilmiş müasir tipli tədris-təcrübə ferma kompleksi ilə tanış olublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi