Məscidin qarşısında inflyasiya dəbli ayaqqabılar

mescidin-qarsisinda-inflyasiya-debli-ayaqqabilar
Oxunma sayı: 2727

Günay Firudinqızı

Son zamanlar maddi problemlər həyatımıza o qədər hakim kəsilib ki, az qala hər şey məndə ikrah hissi doğurur. “Dollar qalxdı, dollar düşdü” sıxıntısı həyatımın az qala baş qəhrəmanına çevrilib. Nəhəng dövlətlərin inflyasiyası yatanda belə yuxuma girir. Yuxuda olmasa da həyatda özümü məzəmmət edib xatırlamağa çalışıram ki, bizim mənəvi bir dünyamız da var axı. Həyat təkcə puldan ibarət deyil.

Əlimi cibimdən çıxarıb ürəyimin üstünə qoydum. Ürəyimin apardığı yerə getdim. İstiqamət Bibiheybət məscidinə idi. Etiraf edim ki, mən bu məscidi ilk dəfə orta məktəbdə oxuyan vaxt yuxumda görmüşəm. Sonralar bu məkanın içərisində çox olmasam da, yanından həftədə bir dəfə mütləq keçmişəm. Nədənsə ürəyim məni məhz həmin məscidə apardı. Qapıda o qədər ayaqqabı var idi ki... Bir cütünü də mən artırdım. Bir qrup qadının içəridə gedən qızğın söhbətinə əhəmiyyət vermədən borcumu yerinə yetirdim. Amma içəri çox səs-küylü olduğundan, diqqətim sözümə baxmadı. Məlum oldu ki, məscidə pənah gətirən qadınların arasında 2 məsum qız var. 15-16 yaşlarında olan bacıların anaları uzun illər bundan öncə rəhmətə getdiyindən uşaqlar atalarının himayəsində böyüyüblər. İndi ataları xəstə olduğundan uşaqlar məscidə bəlkə təsəlli, bəlkə mənəvi rahatlıq üçün gəliblər.

Molla, qızların analarının ruhuna yasin oxuduqca onlar ağlayırdılar. Onsuz da üzülən ürəyim bir az da burda qubar bağladı. Molla qadın, uşaqların bir neçə saatdan sonra əməliyyat olunacaq ataları üçün də dua oxudu. Amma qızlardan biri söhbətin nizamını qəflətən dəyişdi. Atasının əməliyyatı üçün 60 manat lazım olduğunu deyib, molladan pul istədi. Bir andaca məscidə sükut çökdü. Elə bil bayaqdan gərgin müzakirənin getdiyi yer bura deyildi. Molla duruxdu, amma tez də özünü ələ aldı. Məscidlərin birinin axundunu məsləhət gördü, “...ora gedərsən, axunda dərdini deyərsən pul verər”, - dedi. Məlum oldu ki, molla axundun yanına pul üçün çox adam göndərib. Qızlar heç nə demədən çıxıb getdilər. Arxalarınca qadınlar da məscidi tərk etdilər.

Amma mən gedə bilmədim. Fikirlərim məni ayağa qalxmağa qoymadı. Bilmirəm o axund qızlara əməliyyat üçün lazım olan məbləği verəcək yoxsa yox, hər halda bu sarsılan inam, etibar işidir. Amma mən yalanla gerçəyin arasında qaldım. Həqiqətən də qızlara əməliyyat üçün 60 manat lazım idimi? Yoxsa... “Görəsən mənə yaxınlaşsaydılar nə edərdim?!”, - deyə çox götür-qoy etdim. Mən özümü qınasam da, siz məni qınamayın. Məscidlərdən ayaqqabı oğurlanandan bəri mənim də ürəyimə şübhə toxumları səpilib. İnflyasiya geyinilmiş ayaqqabıları dəbə saldıqdan sonra cücərən toxumlarla bacara bilmirəm. Baxmayaraq ki, indi ayaqqabılarımı möhkəm qorumağa başlamışam. Amma ALLAH xatirinə məscidə şübhə toxumları səpməyin. Cücərəndə təkcə özgələrə deyil, özümüzə əziyyət verir…