“Məscidləri dağıdan ölkə dostumuz ola bilməz”

“Məscidləri dağıdan ölkə dostumuz ola bilməz”
Oxunma sayı: 2166

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. "Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib:

"Azərbaycan D-8-in üzvü olmamasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanı bu tədbirə dəvət edib. Mən buna görə öz qardaşıma dərin təşəkkürümü bildirirəm.

2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Zirvə görüşü Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət etmişdir. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.

Hörmətli görüş iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.

Hörmətli görüş iştirakçıları, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.

İki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib. Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub.

Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir.

Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi