Məşədi İbad Hamamı təmir edildi

mesedi-ibad-hamami-temir-edildi
Oxunma sayı: 3056

“Qafqazinfo” xəbər verir ki, Qoruq İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən tikdirilmiş və xalq etimalogiyasında “Hamamçılar məhəlləsi” adlanan ərazidə yerləşən Ağa Mikayıl hamamı qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib. Abidənin sütunları möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.

Məşhur “O olmasın, bu olsun” filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən Məşədi İbad hamamı adlanan abidənin gələcəkdə öz təyinatı üzrə istifadə olunacağı nəzərdə tutulur. Bu səbəbdən Ağa Mikayıl hamamının daxilində ənənəvi abu-hava yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Abidə öz fəaliyyəti ilə İçəri Şəhərə gələn turistlərə şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək və əhaliyə xidmət edəcək.

İçəri Şəhərdə mədəni irsimizin bir hissəsi olan tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün bərpa və konservasiya işləri həyata keçirilir. Ötən ilin dekabr ayında İçəri Şəhərin ən qədim məscidi olan Məhəmməd Məscidində xarici mütəxəssislər tərəfindən Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə etməklə muzey konservasiyası işləri görülüb. Gələcəkdə də İçəri Şəhərdə bu silsilədən olan işlərin aparılması nəzərdə tutulub.