Məşhur amerikalı aparıcı verilişini Naftalana həsr etdi

meshur-amerikali-aparici-verilisini-naftalana-hesr-etdi
Oxunma sayı: 2332

ABŞ-ın geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri zamanı ölkəmizlə bağlı silsilə reportajlar hazırlayıb.

“Qafqaazinfo” Azərtac-a istinadən xəbər verir ki, reportajlarından biri də möcüzəli və şəfaverici Naftalan neftinə həsr edilib.

Radioverilişdə Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat verilib.

Con Batçelor qeyd edib ki, Naftalan müalicəvi əhəmiyyətə malik neftinə görə tanınır. Lakin bu neft avtomobillərdə və təyyarələrdə istifadə olunan neftdən deyil. Müalicəvi xassələrə malik bu neft Naftalan nefti kimi məşhurdur. Naftalan neftində gözəllik və müalicə üçün sanki bir möcüzə var.

O deyir ki, əgər bir vaxtlar Naftalana yalnız keçmiş Sovet İttifaqı ölkələrindən çoxlu sayda insan gəlirdisə, indi 60-dan artıq ölkədən, hətta Amerikadan da buraya gəlirlər:

“Mən görürəm ki, buraya gələn insanlar çox məmnundurlar. Mənim sol əlimdə bir az problem var idi və Naftalan neftindən istifadədən sonra hiss edirəm ki, onun yaxşı təsiri olub”.

Qeyd edək ki, məşhur “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor 30 iyul-3 avqust tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, ilk dəfə olaraq ardıcıl surətdə Azərbaycan haqqında yeddi müxtəlif veriliş hazırlayıb.