Məşhur səyyahın ailəsi Şəkidə oldu

meshur-seyyahin-ailesi-sekide-oldu
Oxunma sayı: 658

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, norveçli qonaqların Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kəndin girəcəyində qonaqları qarşılayıb. Abidə ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub.

Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb, 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib.

2008-ci ildə Norveçin Azərbaycandakı səfirinin iştirakı ilə məşhur səyyahın abidənin yaxınlığında qoyulmuş büstünün açılış mərasimi keçirilib. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Atasının büstü önündə jurnalistlərə müsahibə verən məşhur alimin oğlu bildirib:

"Mən bilirəm ki, atam Azərbaycanı çox sevirdi, ölkənizi kifayət qədər yaxşı tanıyırdı. Atama olan sevginin nəticəsidir ki, məni burada gözlədiyimdən də yaxşı, mehriban qarşıladılar. Şəki əsrarəngiz təbiəti, qədim tarixə malik memarlıq abidələri ilə zəngin olan, insanlarının qonaqpərvərliyi və səmimiliyi ilə seçilən çox gözəl diyardır. İndi mən burada, bu qədim məbədin yanında, atamın abidəsi önündə dayanmağımdan böyük məmnunluq və qürur hissi keçirirəm".

Məbədlə tanışlıqdan sonra qonaqlar abidənin həyətində çay süfrəsinə qonaq olmuşlar.
Sonra Tur Heyerdalın ailə üzvləri Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olublar. Qonaqlar sarayın həyətində xatirə şəkli çəkdiriblər.

Şəkiyə səfərləri çərçivəsində norveçli qonaqlar XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı karvansara” mehmanxana kompleksində də olublar. Burada qonaqların şərəfinə nahar verilib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov dünya şöhrətli səyyahın ailə üzvlərinə Şəki ilə bağlı xatirə hədiyyələri, kitab və bukletlər təqdim edib. Qonaqlar səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.