Məşuqə ilə ölmək rüsvayçılığı

mesuqe-ile-olmek-rusvayciligi
Oxunma sayı: 6459

Xuraman Hüseynzadə

Pakizənin gözlərinin altı bənövşə rəngində idi bu sabah. Şişmişdi həm də. Nə olduğunu gözlərindən axan iki damla yaş izah elədi: əri döymüşdü. İki yekə dükanı var ərinin. İmkanı yaxşıdı. Məşuqələrinin hədiyyə davası döydüyü zamanlarda-Sevgililər Günündə, 8 martda, özlərinin ad günlərində Pakizəyə də başqa cür “hədiyyə” bəxş eləyir əri. Gedir onlarla əylənir, yeyir-içir, gəlib evdə də arvadını döyür. Neçə ildi, bayramlarda, qadınlar üçün əlamətdar günlərdə qapı qonşumuz Pakizənin halına ürəyim yanır...

Arvadbazlığına görə bir az da Haqverdiyevin Məşədi Qulamına oxşayır Pakizənin əri. Yazıq qadının günahı ondaydı ki, ərinin məşuqələri kimi deyildi. Amma Məşədi Qulamın arvadı kimi üstündən bozbaş iyi də gəlmirdi. Sadə, səliqəli, qoçaq, abırlı-həyalı qadınıydı.

Ürəyi doluydu Pakizənin. Gün-güzəranından, həyatından, taleyindən gileyləndi. Dedi, camaat elə bilir, dünyanın xoşbəxtiyəm. Deyirlər ki, bəxtəvərdi Pakizə, əri evə dolu zənbillərlə gəlir, ac-susuz saxlamır arvadını, yaxşı paltarlar, qızıl-brilyantlar alır ona. Amma bilmirlər ki, mənimki “qızıl teştə qan qusmaqdı”. Danışdca altı bənövşəyi şişli, işığı öləziyən qara gözlərindən yaş süzüldü yanağına. Ürəyini boşaldıb toxtadı Pakizə. Göz yaşlarının gümüşü izi qaldı yanaqlarında. Eynən ilbizin izi kimi...

Sonra qırışlarla şumlanmış əllərini açdı göyə. Astadan qarğış elədi: “Ay allah, bunun da bir gün məşuqələrindən biriylə meyiti tapılsın. Ölümü bir yana, qoy rüsvay olsun.”

Ürək-dirək verdim qadına. “Darıxma, vaxt gələr, peşman olar. Sənin qədrini, qiymətini bilər onda. Məşuqələr gəldi-gedərdi. Ona qalan sən olacaqsan”, - dedim.

Əsəbiləşdi. Dodaqları, əlləri əsdi, səsi titrədi: “Cavanlığım əldən gedir. Allahın xoş bir gününü yaşatmadı mənə bu bişərəf. Məni qocaldıb saçımı ağardandan, canımı xəstə salandan sonra biləcək qədrimi? Elə vaxt olub, aylarla evə gəlməyib. Uşaqlar atalarının üzünü görmədən böyüyüblər.”

Qanım qaraldı. Sabah-sabah kökləndiyim ovqat axşamadək, bəlkə də günlərlə davam edəcəkdi.

Həmin gün fevralın 14-ü idi. Sevgililər bir-birini təbrik edirdi.

Qarşıdan 8 mart Qadınlar Günü gəlirdi.

Mənsə indidən Pakizənin halına acıyırdım...