Məşuqə olaram...

Məşuqə olaram...
Oxunma sayı: 72

Yeganə Cansail

Bir vaxtlar ölkəmizdəki turizmin gələcəyi, turist azlığı (hətta yoxluğu) bizi ciddi şəkildə narahat edirdi. Hər dəfə qonşu dövlətlərin turist qaynayan şəhərlərini gördükdən sonra içimdə qəribə bir paxıllıq hissi yaranırdı. Axı “nəyimiz Tiflisdən əskikdir?” deyib əməlli başlı stress keçirirdim. 

İllər keçdi, hamımızın ölkəmizə arzuladığı  turist axını baş tutdu... Amma yenə də başladıq narazılıq etməyə. Bu dəfə narahatlığımız turist çoxluğunu təşkil edən insanların avropalı deyil, ərəblər olması idi. O ərəblər ki, sözün yaxşı mənasında ölkəyə hər gün göydən valyuta yağdırırlar. Restoranlar, otellər, əyləncə və istirahət mərkəzləri ərəb qaynayır. Mən belə danışarkən ən çox bu fikri eşidirəm: “hə, nə olsun, onların xərclədiyi puldan mənə nə? Mənim cibimə gəlir? Mənə ki xeyri yoxdu!”. Bu tərzdə düşünən insanlar məni biraz pərişan edir. 

Bəyənmədiyiniz ərəbin  restoranlara və digər məkanlara xərclədiyi pul ilə oranın zəncirvari olaraq bütün işçi heyəti dolanır. Bəyənmədiyiniz ərəbin sayəsində işçilər ixtisara düşmür, əksinə normal güzəran görür. Avtobusla evə gedən işçi maaşı biraz artdığı üçün taksidən istifadə edir. Əvvəl yarım kilo ət alırdısa indi 1 kilo alır. Nəticə olaraq isə burada qazanan təkcə şəhərli deyil həm də kəndlidir, sürücüdür, satıcıdır və s.

Hələ şəhərin mərkəzi küçələrində hamının gözü qarşısında ərəb kişiləriylə açıq-aşkar “alver” edən üzdəniraqları demirəm. Elə sözüm onlardan düşmüşkən bir az da bu barədə yazmaq istəyirəm. Bu “alver” son vaxtlar klaviatura qəhrəmanlarını da yaman narahat edir. Xüsusilə də əks cinsin nümayəndələri hər gün “zəhmət”lə pul qazanan bu xanımları yaman təhqir edirlər. Təhqirinizə və tənqidinizə qarşı bir fikrim olmasa da sizdən obyektivlik tələb edirəm. O mənada ki, sizin bir zamanlar Kiyevdə (şəhər bu mövzuda daha məşhurdur) gördüyünüz işi bu gün gözünüzün qarşısında qadınlar edir. İndi deyəcəksiz ki, qadınla kişi bir deyil, ay nəbilim kişi gəzər və s.primitiv şablon sözlər... Tamam, bir sualım var, kişinin görüşdüyü qadın deyilmi? O qədər ağıllısınız ki, indi də deyəcəksiz ki, onların adı qadın deyil... Amma istəsəniz də, istəməsiniz də bu gün barlarda, gecə klublarında ərəblərlə görüşən o qadınlar kiminsə həyat yoldaşı, kiminsə anası və kiminsə qızıdır. Siz bu reallığı qəbul edə bilməsəniz də onlar bir qadındır. Araşdırsan görərsən ki, hər birinin keçmişində hansısa kompleksli, uğursuz kişi travması, çarəsizlik, səfalət, ağır güzəran və ciddi ailə problemləri var. 

Heç bir qadın xoşbəxtliyindən asanlıqla imtina etməz və heç bir qadın gedib o həyatı seçmək istəməz. Əlbəttə ki, çarəsizliyin çıxış yolu bu deyil. Amma insanların psixologiyası da fərdi və fərqlidir. Qadını daş-qaşla, parayla ovlamaq daha asandır... 

Məqsədim, yüngül həyat tərzi keçirən bu “xanım”ları nə müdafiə etmək, nə də onların əməllərinə haqq qazandırmaqdır.  Amma bu günün  acı həqiqəti həm də belə qadınların əziyyət çəkmədən asanlıqla pul qazanmaq istəyi və bu yola qaçmasıdır. Ən acısı isə bunu 17-18 yaşlı qızların dilindən eşitməkdir. 

Bir dəfə ziyafətlərdən birində qonaq idim. Hardasa 20 yaşlarında bir qızla ünsiyyətdə oldum. Kiminsə məşuqəsiydi. Maşallah, susmaq bilmirdi, dil-dil ötsə də danışığından qafasının boş olduğu hiss olunurdu.  Yaşından çox təcrübəsi vardı. Mənim də qarşımdakı insanı aşağılamaq kimi xasiyyətim olmadığından bu “qaynayan” qızın sərvət ovçuluğuna qulaq kəsildim. Nəhayət, qız sonda məsləhət verməyi də özünə vəzifə borcu bilib mənə sanki “böyük bacı” ağlı verdi: “ay qız, sənin də ağlın olsun, aparıcı adamsan. Bilirsən indiki aparıcılar necə varlanır? Sənin yerində indi kim olsaydı bu addan istifadə edib qabağa getmişdi. Mən hamballıq edib 5-10 manat qazanmaq istəmərəm. Məşuqə olaram, daha çox qazanaram”.  

Həmin vaxt sakitcə gülümsəyərək bu xanımı dinlədim, amma cavab verib qəlbini qırmaq istəmədim. Düşündüm ki, söylədiklərimi dinləyib mənim dəli olduğumu düşünər. Necə də olsa bu adamların köhnə peşədən başqa əllərindən gələn ikinci bir istedad yoxdur. Əslində bu da bir başqa yazının mövzusudur. Odur ki, qalsın növbəti yazımın  sətirlərinə.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi