Mətbuat Şurası ADU tələbələrini mükafatlandıracaq

metbuat-surasi-adu-telebelerini-mukafatlandiracaq
Oxunma sayı: 648

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova və Filologiya fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə baş tutub. ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Zeynab Kazımova və tələbələrin bir gün öncə Həsən bəy Zərdabinin Fəxri Xiyabandakı qəbrini ziyarət etdikləri video nümayiş olunub. Nümayişdən sonra tədbir aparıcıları Həsən bəy Zərdabi haqqında məlumat veriblər, onun naşiri olduğu “Əkinçi” qəzetindən, Azərbaycanda milli mətbuatımızın əsasının məhz bu qəzetlə qoyulduğundan söz açıblar. Sonra Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edilib. Daha sonra tələbələrin ifasında Həsən bəy Zərdabinin həyatını, onun ana dilində qəzet nəşr etməklə bağlı qarşısına çıxan çətinlikləri, dövrün amansızlığını, xalqın savadsızlığından istifadə edərək milləti oxumaq, öyrənmək həvəsindən döndərən dırnaqarası bəylərin iç üzünü əks etdirən səhnəciklər göstərilib.
Tələbələrin çıxışından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gözlədiyindən də yüksək şəkildə keçdiyini bildirib və Mətbuat Şurası tərəfindən tədbirdə iştirak edən tələbələrin Fəxri diplomla mükatalandırılacaqlarını söyləyib.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ADU-da Jurnalistika ixtisasının açıldığından şad olduğunu söyləyib.

Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqlara təşəkkürünü bildirib. Tədbirin yüksək səviyyədə təşkilinə görə ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovaya təşəkkürlərini bildirib və tələbələri təbrik edib.

Nigar Məmmədli