Mətbuat Şurası bugünkü aksiyada monitorinq aparacaq

metbuat-surasi-bugunku-aksiyada-monitorinq-aparacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz işlərini görmələrinə kömək məqsədi daşıyacaq monitorinqi MŞ-nin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparacaq. Qrupa rəhbərliyi Şuranın icraçı katibi Rəhim Hüseynzadə edəcək.

MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesi nəzarətdə saxlayacaqlar. Monitorinq zamanı diqqət yetiriləcək daha bir məqam aksiyanı işıqlandıracaq KİV təmsilçilərinin əyinlərində üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrin olmasıdır. Şura jurnalistlərin ekstremal situasiyalarda digər şəxslərdən fərqlənmələrini onların peşə vəzifələrinin səmərəli icrası baxımından vacib şərt sayır və jurnalistlərə xüsusi geyimlərdə olmağı tövsiyə edir.

Mətbuat Şurası aksiyada peşə vəzifəsini yerinə yetirən bütün jurnalistlərdən xahiş edir ki, hər hansı xoşagəlməz durumla üzləşdikdə MŞ-nin monitorinq qrupuna müraciət etsinlər.