Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal

metro-emekdasi-kend-ehalisini-tehqir-etdi
Oxunma sayı: 16738

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, hər şey “Facebook” sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb.

O bildirib ki, baş verənlərin səbəbi “qaynar saat”larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, “çastpik” (əslində “ças pik» – “час пик”) ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, “çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və “yaranmazdır” yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.

Sayt dəqiqləşdirib ki, rayonluları Bakıda metronu “korlamaqda” günahlandıran Lalə Babayeva “Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər “Bakelektrikşəbəkə”də işləyib, 2014-cü ildə “Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.