Metroda Əzrayılı gözləmək

metroda-ezrayili-gozlemek
Oxunma sayı: 3564

Raminə Eyvazqızı

Bu yaxında Moskva metrosu sərnişinlərin idmanla məşğul olması üçün, sağlam həyat naminə  hamını təəccübləndirdi. Rusiyanın İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin və Moskva Metropolitenin bu maraqlı layihəsinə görə, hər səhər 30 dəfə eyni idman hərəkətini ardıcıl təkrarlaya bilən sərnişinə gedişhaqqı pulsuzdur. Bu addım maraqla qarşılanıb və çox sərnişin həm səhər idmanı edib, həm də yolunu pulsuzlaşdırıb.

Moskva Metropoliteni rəhbərliyi ilə milli metropolitenimizin  arzu, istəklərinin üzt-üstə düşəcəyinə inanmıram. Ona görə ki, bizdə belə bir aksiyaya qoşulan o sərnişinin yolu canı bahasına gələ bilər. Çünki idman edən tərləyən, yorulan adam metronun platformasında istidən birtəhər olar. Yazıq deyilmi?

İllərdir, hər yay gələndə üç ay sərhasər donquldanmaq, boşboğazlıq etməkdən yorulmuruq. Sərin hava, təmiz hava tələb edirik, metropolitendən. Vermir ki, vermir. Deyir, canınız çıxsa da, yayı tərləyə-tərləyə, boğula-boğula başa vuracaqsız. Vururuq da, vallah. Payız qapıdadı. 

Metropolitenin ventilyasiyasına baxan səriştəli, cavabdeh bəyləri də buradan təbrik edirəm, hamını  metronu təmiz hava ilə təmin etdiklərinə inandırdıqlarına görə. Bu kişilər görəsən, bu metro vaqonlarının içində heç H.Aslanov- Dərnəgül istiqamətində bir dəfə də olsun gediblərmi? Ya bəlkə havalı adamların ağciyər, burun quruluşları, tənəffüs sistemləri bizimkindən daha mükəmməldir, xəbərimiz yoxdur.

Günümüzə baxın da, mənim kimilər dəqiqələrlə qatarıları buraxıb, sərin qatara minmək üçün vaxt itirir. Bircə dəfə o xoşbəxtliyi yaxalamışdım onda da tərs kimi 2 stansiyalıq yolum vardı. O gün, özümlə danışmadım. Belə şanssızlıqmı olar? 

Metro vaqonunun qapısı açılır, elə bil içindən xüsusi türk hamamı effektində par çıxır. Hər qoxulu insanların cəmləşdiyi bu isti, havasız qatarlarda nəfəsimizi niyə kəsirsiz, cənablar? Deyirdiniz ki, metro xərclədiyinin heç yarısını geri qazanmır,  bu ağlaşmadan sonra metronun gediş haqqı qalxdı. İndi nədir məsələ? Biz metroda həyatımızın saatlarını itiririk, ara-sıra Əzrayılla qarşılaşan insanları görürəm. Dəfələrlə, gənc, yaşlı insan yanımda haldan-hala girib, sağolsun xalqımızın insanpərvərləri dərhal yardıma gəliblər. Həmin an hardasa hər kəsin cibindən çeşid-çeşid ürək-damar, stress dərmanları çıxardığnı görmüşəm. Camaat çox dərdlidir! Vətəndaşlar metroya hazırlıqlı gəlirlər, sağolsunlar. Allah qorusun, kimsənin gözümüz qarşısında havasızlıqdan boğulmasını görmək istəmərik. Hələ qatara daxil olanda hər kəsin cibindən, ya çantasından sərinləşdirici vasitələrin çıxmasını görmək adət halını alıb. Ölkənin yelpənək biznesinin metropoliten rəhbərliyi əlində olduğuna belə inanmağa başlamışam. Rənqli-rəngli yelpənəklər. Hamı özünü yelləyənin yanında oturub  sərinləmək istəyir, paxıl xalalar hərdən yelpənəyin istiqamətini belə dəyişirlər. Adam özü oturanda yanında oturacaq adamın belə dərdini çəkir. Görəsən, ondan necə qoxu gələcək. Axı, şərikli qatarda yol gedirik.

90-cı illərdə türkiyəli qrup yoldaşım bizim metroya həsədlə baxardı, o vaxt İstanbul metrosunun( onlarda 1989-cu ildən açılış tarixi başlayır, bizdə 1967-ci il) vəziyyəti bu günki qədər mükəmməl deyildi. Bu yaxında görüşdük, dedi bir bax, bizim artıq sualtı metromuz da var. İstanbulun nəhəngliyi, əhalisi və turistindən bundan sonra Bakıya arzulamıram. Amma İstanbulun yeraltı, sualtı, yerüstü metro qatarlarındakı sərinlikdən bizə hər zaman arzulayıram. Axı bu sərinləşdiricilər, normal ventilyasiya sistemi nə olan şeydir ki, illərdir, camaatı məmun edə bilmirsiz?

Metropoliten  QSC-nin tenderləri ilə maraqlı araşdırma aparmışdım. Məlum məsələdir, mənasız alqı-satqılara xərclənən pullar ortaya çıxmışdı. Bu barədə uzun-uzadı heç nə demək istəmirəm. Sadəcə Metropolitenin dəsmal götürüb ağlayanda öz səhifəsinə də kənardan baxmasını istəyirəm. Cənablar o qədər şəffafdırlar ki, metroda reklam qiymətlərini belə səhifələrinə qoyublar. Bir balaca diqqətli olsaz və səbrlə kiçik müşahidə aparsaz, meropolitenin timsah göz yaşlarını görəcəksiz.  Bilirik, qapalısız (QSC) , qapalı qapılar arxasında ürəyiniz istəyən kimi haqq-hesablar aparırsız, amma bir sərnişinlərin də fikrini nəzərə alın da. Rəsmi səhifədə “sərnişin hüquqları” bölməsinə, “təmiz hava ilə təmin olunmaq haqları var” sözünü də artırın, lütfən. 

Bizə təmiz hava verin! Əzrayıla bu qədər zəhmət verməyin!