Məzarında rahat uyu, körpəm...

mezarinda-rahat-uyu-korpem
Oxunma sayı: 1588

 Nərmin Dadaşova

“Ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub”.  

Təəccüblənmədik. Müharibə şəraitində yaşayan xalq kimi  səngərdən gələn ölüm-itim xəbərlərinə soyuqqanlı yanaşmağa çalışmışıq həmişə. Çünki  qurban gedən şəhidlərimiz  mənim qızım, sənin oğlun  parkda rahat-rahat oynasınlar deyə, rahat-rahat nəfəs alaq deyə orda əli silahlı dayanıblar. Yəni bir məqsəd uğruna.  Özlərinə, Azərbaycan kişinə yaraşanı edirlər, sinələrini qabağa verməklə. Ancaq nə etmək olar, düşməni erməni olan xalq həmişə  arxadan vurulacaq zərbəyə, qəfil hücuma, çeşidbəçeşid  şərəfsizliyə hazırlıqlı olmalıdır. Hər nə qədər ağır olsa da, xəbərin davamını da yazıram : “Təxribat nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.”  

Hə, oxucu dost, düz oxudun, 2015-ci il təvəllüdlü, Erməni vandalizminin 194-cu uşaq qurbanı. İkinci yaşını tamamlamadan, doyunca yerimədən, doyunca danışmadan, doyunca gülmədən, doyunca oynamadan, velosiped sürmədən, məktəbli olmadan, tələbə olmadan, ana olmadan – böyümədən ölən növbəti qurban. Heç nədən xəbərsiz, gecə yuxusuna bir neçə saat qalmış, nənəsinin yanında əynindəki  “Leylək” bezi ilə şəhid oldu... 

Ürəyim tikə-parçalandı, oxucu dost. Sən də gördünmü balaca Zəhranın qırmızıya  boyanmış şəklini? Qulaqlarının içinə dolmuş qanı, köynəyinə, bezinə bulaşmış, üzümüzə gözümüzə çilənmiş qanı yandırdımı sənin də canını?  Əbədi yumulan gözəl gözləri incitdimi səni də?

Elə dünən, dünən yazmışdım ki, qurbana çevrilmiş uşaq xəbərləri eşitməkdən qorxuram. Nə biləydim ki, bir neçə saat sonra erməni zorakılarının qurbanı olacaq  balaca Zəhra. Boynundakı süd qoxusu, şəkərbura ayaqları, balaca əlləri, əbədi yuxusu, yaralı canı ilə dağ çəkəcək ürəyimizə? 

 Atanın  qucağı  darıxacaq sənin üçün, səni torpağa tapşıran qolları darıxacaq, anan əşyalarını qoymağa yer tapmayacaq düz dünyada. Ürəyimiz köz olacaq adın gəldikcə. Lütfən, ölümünlə bizə qələbə gətir, bütün uşaq  ölümlərinin nöqtəsi ol, balaca balam.  

Bapbalaca məzarında rahat uyu, körpəm. 
Saçlarıma qədər ağrıyıram sənin üçün.