“Məzhəb davası aparılır”- - İlham Əliyev

mezheb-davasi-aparilir-
Oxunma sayı: 2200


“Qafqazinfo”nun xəbərinə görə, bunu müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. İ.Əliyev bildirib ki,bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır: “Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir”.