“Məzlumun haqqı bu cür tapdanmamalıdır”

mezlumun-haqqi-bu-cur-tapdanmamalidir
Oxunma sayı: 646

İran prezidenti Mahmud Əhmədinejad mayın 22-də jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri, qudası İsfəndiyar Rəhim Məşayinin prezidentliyə namizədliyinin rədd olunmasına reaksiya verib.

Qafqazinfo “Media forum”a istinadən xəbər verir ki, Əhmədinejad deyib ki, Məşayinin namizədliyinin rədd olunması ilə bağlı problemin həlli üçün dini lider ayətullah Əli Xamneyiyə müraciət edəcək: “Məşayiyə zülm olunub. Güman edirəm ki, vəliyyi-fəqihi (Xamneynin titulu və tutduğu vəzifənin adı – red.) olan ölkədə məzlumun haqqı bu cür tapdanmamalıdır. Mən ölkə rəhbəri vasitəsilə son ana qədər məsələnin araşdırılmasına çalışacağam. Allah qoysa, bu problem öz həllini tapacaq.

Mən Məşayini ölkə üçün mömin, saleh və xeyirxah bir insan kimi tanıyır, təqdim etmişəm. Mənə və Məşayiyə hörməti olan bütün vətəndaşlardan istəyirəm ki, səbirli olsunlar. Çünki ölkə rəhbəri olan yerdə heç bir problem yaranmayacaq və məsələ öz həllini tapacaq”.

İran Daxili İşlər Nazirliyi mayın 21-i axşam saatlarında Konstitusiyaya Nəzarət Şurasının prezidentliyə namizədliyini təsdiq etdiyi 8 namizədin adından ibarət siyahını yayıb. Həmin siyahıda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani və İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin adları yoxdur və şura onların prezidentliyə namizədliyini rədd edib.

Prezidentliyə namizədliyi qeydə alınanlar bunlardır:

Qulaməli Həddad Adil
Səid Cəlili
Möhsün Rzayi
Həsən Ruhani
Məhəmmədrza Arif
Məhəmmədbağır Qalibaf
Məhəmməd Qərəzi
Əli Əkbər Vilayəti.