Mikayıl bizi vuracaq

mikayil-bizi-vuracaq
Oxunma sayı: 3414


“Speys” telekanalında veriliş aparan Mikayıl Güləddinoğlu bəlkə də bu ölkədə çox məşhur adamdır, amma inandıqlarınıza and olsun, o adam bu gün gələ, qapıdan içəri girə, deyə, mən Mikayılam, tanımaram. Ona görə ki, indiyədək nə onun özünü, nə də verilişini görmüşəm.

Ümumiyyətlə, son üç ildə Azərbaycan televiziyalarında kim məşhurlaşıbsa, xəbərim yoxdur. Yalnız bəzi qalmaqallı epizod və süjetlər sonradan youtube saytına qoyulursa, onlara baxıram ki, görüm, bu ajiotaj doğuran haqq-hesab nədir. 

Hər kəsə də belə etməyi tövsiyə edirəm. Əsəbləriniz sakit olar, eyforiyaya qapılmaz, depressiyaya düşməzsiniz. Düşük, bayağı, ucuz verilişlər, efirdə gedən biabırçı söhbətlər, savadsız, səviyyəsiz aparıcılar beyninizi xarab etməz və məclislərdə, sosial şəbəkələrdə uzun-uzadı və od-alovlu şəkildə giley-güzara başlamazsınız.

Əslində bu, tibb elminin izah edə bilmədiyi durumdur. Çoxları milli telekanalların beyinqazan verilişlərindən gileylənir və sonra da gedib baxırlar. Qardaşlar, bu verilişlər sizi əsəbiləşdirirsə, iyrəndirirsə, birdəfəlik baxmayın. Yer üstünə çıxmış kanalizasiya lehməsinə baxmaq çoxmu estetik və ləzzətlidir?

Xüləs, dediyim odur ki, mən yerli telekanalların verilişlərinə baxmamağı yaxın adamlarıma da məsləhət görmüşəm. Axırıncı dəfə ölkədəki mühitdən gileylənən və əsəblərinin yerindən oynadığını deyən bir yaxınıma israrla bildirmişəm ki, yerli telekanalların verilişinə baxmasın, vəziyyəti düzələcək. Dünən zəng edib ki, deyəsən, faydası var. 

Əminliklə deyə bilmərəm, amma bəlkə də rəsmi statistikaya görə, ölkədəki 124 min psixi xəstənin yarısının başını elə bu telekanallar xarab eləyib. 

Söhbət Mikayıl adlı aparıcıdan gedirdi. O gün onun Ağcabədidə döyüldüyü barədə bir xəbər yayılmışdı. Sosial şəbəkələrdə xəbərin doğru olacağı təqdirdə bir-birinə qonaqlıq verəcəyini boyun olanlar, “onu vuranların əlləri dərd görməsin” şərhi yazanlar, bu xəbərə xeyli sevindiyini qeyd edənlər vardı. Adam fikirləşirdi ki, gör, Mikayıl nə qədər hörmət qazanıb. 

Dünən isə hörmətli aparıcının müsahibəsi yayılmışdı. Mikayıl bu müsahibədə deyir: “Arxamca nə deyirlər, qoy desinlər. Üzümə deyən yoxdu. Üzümə deyəni, bilsinlər ki, vuracam. Kişilərə aiddi bu. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılın verilişi pisdir. Çünki mənim verilişimə uşaqlar da, analar da, atalar da baxa bilərlər”.  

Hmmm. Demək, Mikayıl qardaş onu üzünə tənqid edən kişiləri vuracaq və Cinayət Məcəlləsinin qəsdən bədənə xəsarət yetirmək, ictimai yerdə xuliqanlıq etmək maddələri mühakimə olunaraq həbsə girəcək. 

Biri ona desin ki, belə etmək olmaz, adamı tutarlar. Durduğu yerdə, həyatını niyə korlayır axı? 

Bax, o gün şəkli, videosu olan bir nəfər cani gündüz vaxtı əməkdaşımız Fərahim İlqaroğlunu vurub, polis 10 gündür onu axtarır, tapsa, tutacaq, tutmasa, tapana qədər axtaracaq. Düzdür, ola bilər ki, o adam heç vaxt tapılmayacaq, amma polis onu özbaşına buraxmayacaq, ya vicdanının öhdəsinə buraxacaq, ya da Allaha tapşıracaq. 

Ümumiyyətlə, deyim ki, ölkəmizdə Allaha tapşırılmış cinayət işləri çoxdur. İndi o da nə vaxt operativ qrup yaradacaq, istintaq hərəkətləri apartdıracaq, bilinmir. Ancaq bir ümid var ki, ən yuxarı instansiya ilahinin dərgahı olduğundan heç bir cinayət cəzasız qalmayacaq. Ta nə edək, insan oğlu bəzi cinayətləri açmaq gücündə deyil.

Görünür, Mikayıl da hesab edir ki, onun vuracağı kişilərin ya əllərini amputasiya ediblər, ya polis-prokurorluq-məhkəmə bu işə baxmayacaq və o, apardığı verilişi tənqid edən kişiləri şillələyə-şillələyə gəzəcək. 

Düzü, yuxarıda dediyim kimi, televizor baxmadığımdan Mikayılın verilişinin pis və ya yaxşı olması barədə bir söz deyə bilmərəm. Amma bu haqq-hesabdan sonra gərək heç baxmayaq. Baxarıq, xoşumuza gəlməz, deyərik, müəllif də gəlib sinnimizin bu vaxtında bizi şapalaqlayar. 

“Yeni Müsavat”