Mikayıl Cabbarov, Heydər Əsədov və çinli səfir akt imzaladı - Fotolar

mikayil-cabbarov-heyder-esedov-ve-cinli-sefir-akt-imzaladi
Oxunma sayı: 1204

Sentyabrın 19-da Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sənədi təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxua imzalayıb.

Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında uzun tarixə malik olan əməkdaşlıq inkişaf edir.Onun sözlərinə görə, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 21 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Heydər Əsədov qeyd edib ki, bu tədbir iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin məntiqi nəticələrindən biridir. Bu günlərdə layihə çərçivəsində ADAU-ya 800-dən artıq İKT avadanlıqları təhvil verilib. “İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsi lsistemində bilik və bacarıqların artıırılmasında, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində müstəsna rol oynayacaq” - deyə nazir əlavə edib. 

H. Əsədov bu gün mövcud sahədə əsas məsələlərin ixrac potensialının artırılması olduğunu bildirərək ixracı artırmaq üçün böyük imkanların olduğunu və Çinə yun, meyvə, şərab məhsullarının ixrac olunmasının mümkünlüyünü bildirib.

Nazir diqqətə çatdırıb ki, bundan sonrakı danışıqlarda əsasən bu məsələlər yer tutacaq.

Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib.