Mikayıl Cabbarovdan şad xəbər

mikayil-cabbarovdan-sad-xeber
Oxunma sayı: 5652

“Mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur”.

 “Qafqazinfo” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfransda vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı danışarkən    deyib. 

M. Cabbarov qeyd edib ki, vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə prezidentin tapşırığı ilə vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır: “İslahat əmək haqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcək”.

Onun sözlərinə görə, vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. 

Vergilər naziri vurğulayıb ki, vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır.