Milanlı professorlar Memarlıq və İnşaat Universitetində qonaq oldular - Fotolar

Milanlı professorlar Memarlıq və İnşaat Universitetində qonaq oldular
Oxunma sayı: 595

İtaliyanın Milan Texnik Universitetinin professorları Silviya Piardi, Giovanni Conti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

"Qafqazinfo" xəbər verir ki, görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak ediblər.

AzMİU-nun rektoru bu görüşün reallaşmasına görə İtaliyanın ölkəmizdəki səfirinə təşəkkürünü bildirib. O qeyd edib ki, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda fəaliyyət göstərən digər italyan şirkətləri ilə işgüzar müasibətlər qurulub, hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir. Rektor əlaqələrin daha da genişlənməsində bugünkü görüşün rolu olacağına ümidvar olduğunu bildirib:

“İtalyan dizaynı bütün dünyada məşhurdur, bu sahə sizdə çox inkişaf edib. Sizi bura dəvət etməkdə məqsədimiz də məhz sizin köməkliyinizlə universitetimizdəki dizayn ixtisasını modernləşdirmək, İtaliya dizayn təhsili formatında yenidən qurmaq, təhsil proqramlarımızı sizin proqramınıza uyğunlaşdırmaqdır. Bu istiqamətdə işlər görüləndən sonra Milan Texnik Universiteti ilə ikili diplom proqramı üzərində işləməyi düşünürük”.

Səfir A.Massari də öz növbəsində qeyd edib ki, İtaliyada dizayn sektorunda tanınan simalar olan professorlar AzMİU-da dizayn təhsilinin inkişafı üçün əllərindən gələn köməyi edəcəklər. O, iyulda İtaliya prezidentinin Azərbaycana səfər edəcəyindən danışıb, bu səfər çərçivəsində təhsil sahəsində də mühüm qərarların veriləcəyini deyib.

İtaliyalı professorlar təmsil etdikləri universitetin tarixindən, fakültə və ixtisaslarından, beynəlxalq əlaqələrindən, partnyorlarından danışıblar. 165 yaşlı Milan Texnik Universitetinin dizayn ixtisasının çox inkişaf etdiyini, dünya reytinq cədvəllərində ön sıraları tutduğunu deyən qonaqlar dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli əlaqələri barədə geniş məlumat veriblər. 

Milan Texniki Universiteti barədə video-çarxın nümayişindən sonra qonaqlar Memarlıq fakültəsinə baş çəkib, tələbələrlə görüşüb, dərslərdə iştirak ediblər.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi