Millət vəkili erkən nikahlardan danışdı

millet-vekili-erken-nikahlardan-danisdi
Oxunma sayı: 856


"Qafqazinfo" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun iştirakı ilə keçirilən “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimat mərasimi və iftar yeməyində çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş dini icmaların təmsilçiləri ilə birlikdə iftar süfrəsi arxasında və belə bir önəmli layihənin rəqdimatında görüməkdən məmuniyyət duyduğunu bildirərək hər kəsi müqəddəs Ramzan ayı münasibəti ilə təbrik edib və onlara oruc və dualarının qəbul olunmasını diləyib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçirilən bir layihənin çox əhəmiyyətli bir layihə olduğunu və dövlətin bu istiqamətdə dəstəyini, dini icmalar tərəfindən həyata keçiriləcək müəyyən layihələrin maliyyə dəstəyi verəcəyini yüksək dəyərləndirən millət vəkili Qənirə Paşayeva dini icmaların bu layihələrdən yararlanaraq cəmiyyətdə narahatlıq doğuran məsələlərlə bağlı mübarizədə daha fəal olmağa səsləyib. O, bildirib ki, dinimiz, müqəddəs kitabımız Quranı Kərim insanları elmə, oxumağa, öyrənməyə səsləyir. Ona görə də dini icmalar qızlarımızın təhsil almasının önəmi ilə bağlı cəmiyyətdə maarifləndirilmənin aparılmasına dəstək verməklə bərabər, erkən nigahlar kimi zərərli hallara qarşı da səslərini ucaltmalıdırlar. Bizim dinimizdə və müqəddəs kitabımızda qadına çox böyük dəyər verilir, cənnət anaların ayaqları altındadır deyilir. Ona görə də dini icmalarımız qadınlara qarşı zorakılıq, ailə daxili zorakılığa qarşı mübarizədə ön sıralarda olmalıdırlar. Millət vəkili Qənirə Paşayeva bölgələrdən gələn dini icmaları gənclər arasında yayılan narkomaniya, tütün məhsullarından istifadəyə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərində də önəmli rol oynamağa çağırıb. O, bölgələrdə kimsəsiz insanlara, yetim uşaqlara, tənha analara dəstək və qayğının hər bir insanın bir insanlıq borcu olduğunu bildirərək gənclər arasında bu istiqamətlərdə mənəvi mühitin sağlamlaşdırılmasında da dini icmaların üzərinə böyük vəzifələr düşdüyünü deyib: “Cahillik ən böyük bəladır, dini icmalarımız insanları daim elmə, biliyə, oxuyub-öyrənməyə səsləməli və maarifləndirmədə böyük rol oynamalıdır. İslam dini və onun müqəddəs kitabı Qurani Kərim bizə məhz bunu buyurur.” 

Millət vəkili Qənirə Paşayeva dini icmaları həm də diqqətli olmağa, millətimiz arasında nifaq, fitnə salmaq istəyən güclərə niyyətlərini həyata keçirməyə imkan verməməyə çağırıb. Dini baxışlarına görə insanlar arasında müəyyən fərqlər ola bilər amma buna baxmayaraq biz bir-birimizə sevgi və anlayışla yanaşmalı və nifrət, nifaq, fitnə salmaq istəyənlərə imkan verməməliyik. Unutmamalıyıq ki, bu istiqamətdə arta biləcək zidiyyətlər bir millət olaraq hamımıza eyni zamanda dövlətimizə, vətənimizə böyük zərər vura bilər.