Millət vəkili erməniləri dilənçi adlandırdı

millet-vekili-ermenileri-dilenci-adlandirdi
Oxunma sayı: 645

Bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. “Bu gün biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar diplomatiyada bir intensivlik müşahidə etməkdəyik. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında verilən bəyanat, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri, apardığı danışıqlar bu münaqişə ilə bağlı prosesinin intensivləşdiyini deməyə əsas verir”.

Mübariz Qurbanlı bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüz nəticəsində bir milyonluq qaçqın və məcburi köçkünlər ordusunun yaranması, onların üzləşdiyi problemlər Minsk qrupu həmsədrlərinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu məsələ tam çılpaqlığı ilə ATƏT üzvü olan bütün ölkələrin diqqətinə çatdırılıb: “Azərbaycan diplomatik cəbhədə, informasiya cəbhəsində böyük üstünlüklər əldə edib. Bu gün Ermənistanın yaydığı təxribat xarakterli məlumatlara heç kim inanmır, ona görə də həmsədrlərin bölgəyə son səfəri və Prezidentimiz İlham Əliyevlə apardığı danışıqlar və nəticə olaraq yaydığı bəyanatlar gerçək bir vəziyyəti əks etdirir. Hesab edirəm ki, həmsədrlər bu yolda işlərini daha da genişləndirməlidirlər. Çünki təcavüzkar Ermənistan ona təzyiq edilmədiyi təqdirdə, daha çox qeyri-konstruktivlik nümayiş etdirəcək. Ermənistana ciddi təzyiqlər edilməlidir və işğalçı dövlətə iqtisadi xarakterli təzyiqlər edilməklə onu sülhə məcbur etmək lazımdır. Sülhə məcburetmənin ən mükəmməl yollarından biri iqtisadi təzyiq vasitəsidir”.

Mübariz Qurbanlı qeyd edib ki, bu gün ABŞ başda olmaqla, Qərb dünyası iqtisadi sanksiyalar vasitəsilə bu və ya digər ölkələrə təzyiqlər göstərir və müəyyən nəticələr əldə edir. Onun sözlərinə görə, bu dövlətlər ikili standartlardan əl çəkməli, təcavüzkar Ermənistana ciddi təzyiqlər göstərilməklə bölgədə uzun müddət davam edən və bölgənin inkişafına böyük əngəl olan Qarabağ məsələsini həll etməlidirlər: “Əks təqdirdə, bu prosesin tam iflasa uğrayacağı göz önündədir. Bu gün Ermənistan əhalisinin böyük əksəriyyəti dilənçi vəziyyətindədir, əhalinin yarısı bu ölkəni tərk etməyə hazır olduğunu bildirir. Yəni Ermənistanda mühacirət kütləvi xarakter alıb. Belə olan şəraitdə yaxşı olardı ki, Ermənistanı müəyyən yerlərdə himayə edən dairələr onun acınacaqlı vəziyyətini görərək ciddi addımlar atsınlar. Həmsədr ölkələr bu işi daha geniş şəkildə həyata keçirməlidirlər”.