Millət vəkili Ramazan ayı münasibəti ilə tədbir keçirdi

millet-vekili-ramazan-ayi-munasibeti-ile-tedbir-kecirdi
Oxunma sayı: 646


Tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə baş tutub.

İlk öncə tədbir iştirakçılarını salamlayan millət vəkili Qənirə Paşayeva hər kəsi müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi və xoş arzularını çatdırıb.

Qənirə Paşayeva İslamı daxildən parçalayan zərərli cərəyanların yayıldığı bir dönəmdə İslam dininin mahiyyətinin düzgün şəkildə anladılması məqsədilə bu sahənin mütəxəssisləri ilə görüşlərin keçirilməsini əhəmiyyətini vurğulayıb. Xüsusilə gənclərin cəhalətə sürükləyən bu cür zərərli cərəyanlara qoşulmaması üçün onların arasında İslam dininin mahiyyətinin düzgün şəkildə anladılması məqsədilə maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

Azərbaycanın müxtəlif konfessiya və din nümayəndələrinin azad və rifah şəkildə yaşadığı bir dünyəvi dövlət olduğunu bildirən millət vəkili ölkəmizin Sovet imperiyası illərində milli-dini kimliyini qorumaq üçün ağır dövr keçirdiyini, lakin müstəqilliyini bərpa etdikdən sonra milli və dini kimliyinə sahib ola bildiyini söyləyib. İslamın Azərbaycanın milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil etdiyini bildirən millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqda xüsusi rol oynadığını da bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmət edən dünyəvi dövlət olduğunu qeyd etdi və İslam dininin mahiyyətinin düzgün şəkildə çatdırılmasının yalnız din xadimlərinin və ayrı-ayrı dini icmaların nümayəndələrinin deyil, cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələrin vəzifəsi olduğunu bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyin dini müşaviri Sadıq Ərarslan ortaq mədəniyyətə, dinə və tarixə malik bir millət, iki dövlət olan Azərbaycan və Türkiyədə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən Türkiyənin görkəmli təsəvvüf araşdırmaçısı, yazarı Cemalnur Sorqut ilk öncə, özünü vətənində hiss etdiyini və Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Mədəniyyətlərarası dialoqun qurulması üçün müxtəlif din nümayəndələrinə İslam dininin mahiyyətini düzgün şəkildə anladılmasının vacibliyini qeyd edən Cemalnur Sorqut bu məqsədlə dünyanın müxtəlif ölkələrində görüşlər keçirdiyini bildirdi. Daha sonra Cemalnur Sorqut tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış və fikir mübadiləsi aparılıb.

Tədbirin ardından tədbir iştirakçıları üçün iftar süfrəsi verilib.