Millət vəkilləri tıxacdan danışdı

millet-vekilleri-tixacdan-danisdi
Oxunma sayı: 644

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa çərşənbə axşamı Trend-ə bildirib ki, Bakıda alternativ ictimai nəqliyyat strukturunun yaradılması olduqca zəruridir. "Paytaxtda bir sıra ictimai nəqliyyat vasitələrini aradan qaldırandan sonra ağırlıq metronun və avtobusların üzərinə düşüb. Tramvaylar, elektrik qatarları ləğv ediləndən sonra yenisini qurmaq təşəbbüsü göstərilmədi. Tıxacları aradan qaldırmaq üçün ilk növbədə əhalinin böyük qismini maşından düşürərək ictimai nəqliyyata oturtmaq lazımdır", - Mustafa deyib.

Millət vəkili qeyd edib ki, insanlar maşınlarını şəhərin müəyyən hissəsində saxlayaraq şəhər mərkəzinə rahat ictimai nəqliyyatla gəlməkdə maraqlıdırlar. O, bunun üçün dayanacaqların yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. "Şəhərin müxtəlif yerlərində dayanacaqlar olmalıdır ki, vətəndaşlar metronun yaxınlığında avtomobilini saxlayıb işə gəlsinlər", - deputat deyib.
Fazil Mustafa bir yolda eyni zamanda bir neçə təmir işinin görülməsinin də tıxaclara səbəb olduğunu deyib. "Bir yolda eyni vaxtda 10 yerdə təmir işi görəndə təbii ki, tıxac yaranacaq. Bu işlər mərhələli şəkildə görülməlidir", - o deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə Trend-ə açıqlamasında bildirib ki, təmir işlərini elə etmək lazımdır ki, avtomobillərin hərəkəti üçün alternativ yollar saxlanılsın.

"Bir tərəfdə yol çəkiləndə digər tərəfdə tıxac yaranır. Hər təmir işinin aparılması zamanı geniş alternativ yollar saxlanılmalıdır", - o deyib.
Ağamalı, həmçinin çoxmərtəbəli yol qovşaqlarının tikintisinin də zəruri olduğunu deyib.

"Bakıda tikilən yol qovşaqları memarlıq abidəsinə bənzəyir. Lakin Bakının relyefi, binaların quruluşu da çoxmərtəbəli yol qovşaqlarının tikintisini zəruri edir", - o deyib.