Millət vəkilliyi ilə hakimliyi səhv salan adam

millet-vekilliyi-ile-hakimliyi-sehv-salan-adam
Oxunma sayı: 7023

Adəm Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizəd olmağımla bağlı qərar qəbul edərkən hazırkı deputat Astan Şahverdiyevin eyni iddia ilə üçüncü dəfə ortaya çıxacağını güman etmirdim. Astan müəllimin yetmiş yaşı haqlaması və ixtisasca fizik olması bu qənaətə gəlməyimə vəsilə olmuşdu. Fikirləşirdim ki, o, deputat kimi pensiya hüququndan yararlanmağa çalışacaq. Onsuz da heç bir fəaliyyəti yoxdur. Şəxsən mən Astan müəllimə məsləhət görərdim ki, hazırkı aylıq maaşını bundan sonra dövlət tərəfindən təyin edilmiş pensiya kimi əldə etsin. Bu, Astan Şahverdiyevin müstəsna hüququdur. Əgər o, hüquqlarını bilmirsə, biz bu məsələdə ona kömək etməyə hazırıq.

Mən Astan Şahverdiyevi çox tənqid etmək istəmirəm. Çünki o, fəaliyyətsiz bir insandır. O şəxsi tənqid edirlər ki, onun hər hansı bir fəaliyyəti olsun. Astan müəllim nəinki təmsil etdiyi seçiciləri, heç özünü də müdafiə edə bilməz. Bunun üçün insan mövqe nümayiş etdirməlidir. Biz bu günə qədər Astan Şahverdiyevin istər fərdi, istər kütləvi müstəvidə kiminsə hüquqlarını müdafiə etdiyini görməmişik. On illik deputatlıq fəaliyyəti dövründə onun cəmi iki çıxışının şahidi olmuşam. İlk dəfə çıxış edərkən Azərbaycan himninin məzmununa etiraz etmişdi. Demişdi ki, himnin mətnini qısaltmaq lazımdır. Astan müəllimin bu fikri təkcə opponentləri deyil, həm də partiyadaşları tərəfindən gülüşlə qarşılanmışdı. Mən isə bir azərbaycanlı kimi çox utanmışdım. İkinci çıxışı zamanı isə o, təkcə hüquqi deyil, eyni zamanda siyasi səhvə yol verərək Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmadığını demişdi. Fikirini isə onunla əsaslandırmışdı ki, əgər məhkəmələr müstəqil olsaydı, onun əleyhinə məqalələr yazan jurnalistləri çoxdan həbs elətdirərdi.

Hamı bilir ki, deputat kimi Astan Şahverdiyevin Cəbrayıl camaatı arasında heç bir nüfuzu yoxdur. O, insanlarla fərdi ünsiyyətdən qaçır, heç bir problemin həllində onlara kömək etmir. Astan Şahverdiyev başqa işlərlə məşğul olduğuna görə seçicilərinə vaxt ayırmağa xüsusi həvəs göstərmir. Qanunvericilikdə hakimlərin icraatlarında olan işlərlə bağlı vətəndaşlarla görüşmələri qadağan edilir. Ola bilsin ki, Astan Şahverdiyev millət vəkilliyi ilə hakimliyi səhv salıb.

Ahıl yaşına çatdığına və həmkəndli olduğumuza görə, Astan Şahverdiyev haqqında çox danışmaq istəmirəm. Məncə, yetmiş yaşlı insan ömrünü nəvələrinə həsr etməli, onlarla daha çox vaxt keçirməyə çalışmalıdır. Nəvələrinin gələcəkdə onu qayğıkeş baba kimi xatırlamaları üçün bu, çox vacibdir. Allah qismət etsə, yetmiş yaşa çatsam, o vaxt heç bir gəncin yolunu kəsməyəcəm. Tez-tez dostlarıma deyirəm ki, ona görə gecə-gündüz çalışıram ki, qarşımda dayanan əsas vəzifələri həyata keçirib, vaxtından əvvəl pensiyaya çıxım. Ömür vəfa etsə pensiyaya çıxdıqdan sonra xatirələrimi yazacağam. İstəmirəm ki, Astan Şahverdiyev mənim xatirimdə gənclərin yolunu kəsən pis insan kimi qalsın...