Milli abort

milli-abort
Oxunma sayı: 2705

Nadir Qocabəyli

Abortun pis şey olmasını hər kəs bilir və etiraf edir. Bu əməl dini baxımdan da günah sayılır, həm də təkcə islamda yox, xristianlıqda və başqa dinlərdə də. Sovet dövründə onu rəsmi olaraq qadağan etmişdilər, amma dəyirman bildiyini edirdi. Hazırda bizim ölkədə qadağan olub-olmadığı heç kəsə bəlli deyil. Çünki bildiyim qədəriylə bu barədə yeni qanun qəbul olunmayıb, söz-söhbət gəzsə də, ortada konkret əməl yoxdur. Əgər olunmayıbsa, deməli, SSRİ-dən qalma köhnə qanun hələ qüvvədə qalmalıdır.

Ancaq bizdə qanunların işləmə mexanizminin sələfimizdən qat-qat aşağı səviyyədə olduğunu nəzərə alanda, bu sahədə dəyirmanın nəinki təkcə bildiyini, hətta bilmədiyini etdiyi də heç kəsə sirr deyil.

Nə isə, gündəmdə qalmaqdan başqa dərd-səri olmayan bəzi deputatlarımız, xroniki mövzu qıtlığından əziyyət çəkən mediamız ara-sıra bu məsələni hallandırsalar da, hələ ki, hər şey olduğu kimi qalır. Bəndənizin də bu problemə mövzu qıtlığı ucbatından toxunduğunu düşünənlər tapıla bilər, ancaq bir az dərin düşünsəniz, məsələnin heç də belə olmadığını anlaya bilərsiniz. Onu da əlavə edim ki, bu köşə yazı-pozu adamını xarici ədəbi terminləri saqqız kimi çeynəyən robot qılafında görən “ağzıgöyçək tayfası” üçün deyil.

Son zamanlar qız uşaqlarının ana bətnindəcə məhv edilməsiylə bağlı həyəcan təbili çalmaq dəbə düşüb. Nuyə “dəbə düşüb” deyirəm, çünki bizdə çox şey elə dəb naminə, mahiyyətə varılmadan edilir. Ancaq indi bu haqda danışmayacağıq. Mövzumuz abortdur.

Yazırlar ki, oğlanbaz xalqımızın cəfakeş anaları bətnlərindəki dölün cinsiyyətinin qız olduğunu ağzımız sulana-sulana təriflədiyimiz millətlərin icad etdikləri cihazlar vasitəsilə öyrəndikdən sonra amansız və allahsız əməliyyata girir, həkim-cəlladlar öz gilyotinlərini onların bətnlərinə yeridirlər. Bu, təbii ki, çox iyrənc bir şeydir və dindar olmasam belə, mənim üçün ən böyük imansızlıq, küfr, cahillik, qəddarlıqlardan biridir. Deyirlər ki, bu vəhşi əməlin (hərçənd, “vəhşi” dediklərimiz belə vəhşiliklər etmirlər) nəticəsində artıq ölkəmizdə hər 12 oğlana 5 qız düşür, halbuki beynəlxalq standartlara əsasən, hər qıza 3 oğlan düşməlidir. Bunun gələcəkdə hansı ağır demoqrafik-demoralitik nəticələr doğuracağını təsəvvür etmək elə də çətin deyil.

Bunlar hamısı, yəni bu problemlər haqqında danışılıb-deyilməsi, yazılması, şübhəsiz, çox yaxşıdır, hətta boğazdan yuxarı olsa belə. Necə deyərlər, yağmasan da, heç olmasa guruldamaqdır. Ancaq gəlin görək abortlar yalnız oğlan övladı arzusu ilə qovrulub, qız övladları doğrayanların bəd əməlinin nəticəsidir? Əlbəttə yox! Belə baxanda, bu dərrakədə və səviyyədə olan valideynlərin (əgər bu şərəfli adı onlara yaraşdırmaq mümkündürsə) dünyaya nə gətirməsinin elə bir əhəmiyyəti yoxdur, çünki Uşinskinin dediyi kimi, əgər şəxsiyyətin formalaşmasında üç amil – irsiyyət, tərbiyə və mühit önəmli rol oynayırsa, onlar üçün bu üç faktorun üçü də bərbaddır.

Amma və lakin! Övladın cinsiyyəti haqqında düşünməyi ağlından belə keçirməyən, ümumiyyətlə evliliyə, nikaha “məhsul istehsalı”, “beşillik planın yerinə yetirilməsi” kimi baxmayan, hər şeydə sevgiyə, mənəviyyata, insanlığa, ləyaqətə üstünlük verən insanlar da bəzən, yox, artıq çox zaman öz ciyərparalarını ginekoloq maqqaşının amansız cəhənginə verməli olurlar. Bu insanlar həqiqi mənada millətin genefondudur, etnosun gələcəyi, keyfiyyəti, bəşəriyyətə verəcəyi töhfə məhz bu fərdlərin nəsil artımından çox asılıdır. Bu adamlar UZİ-yə dölün cinsiyyətini öyrənməyə yox, adətən sağlamlığına əmin olmağa gedərlər, dünyaya cinsiyyətindən asılı olmayaraq həm fiziki, həm də ruhi baxımdan sağlam uşaqlar gətirərlər, onlara yaxşı təlim-tərbiyə verməyə çalışarlar, onların ləyaqətli insanlar olmasını istərlər.

Ancaq bu insanların maddi və fiziki imkanları çox zaman dünyaya bir və ya iki övlad gətirməyə imkan verir. Əslində heç buna da imkanları olmur, sadəcə bunun üçün müxtəlif əzab-əziyyətlərə qatlaşmalı, məhrumiyyətlərə dözməli olurlar. Hazırkı şəraitdə ölkəmizdə hamiləliyin və uşaq doğmağın necə ağır və bahalı bir prosedur olduğu hər kəsə bəllidir. Belə olduğu halda, ikincini və ya üçüncünü cinsiyyətini bilmədən, nisbətən asan (bəlkə də, qat-qat çətin) və ucuz yolla gəldiyi yerə qaytarmaqdan başqa çıxış yolu qalmır. Bunun üzərinə ananın hamiləlik və doğuş zaman hansı ağır risklərə məruz qalacağını, ölə biləcəyini, əvvəlki övladlarını yetim qoyacağını və ölkədəki tibbi, sosial şəraiti gələndə o insanları heç cür qınamaq olmur.

Hələ körpə doğulandan, dünyaya yeni insan gələndən sonra onu nələr, hansı irsi və qeyri-irsi xəstəliklər, əzablar, məhrumiyyətlər gözləyir? Ən əsası da qiymətlərin od tutub yandığı bir məmləkətdə hansı xərclər? Deyilənə görə, Rusiyada artıq hər yeni doğulan ikinci körpəyə 5 min ABŞ dolları məbləğində müavinət verilir. Bizdə isə, bu hələ ki, 20-30 manat təşkil edir.

Belə getsə, millətimizin dünya gəmisinin bortundan kənara atılması, yəni abort olunmaq ehtimalı çox yüksəkdir.