Milli parklarda nə yenilik var?

milli-parklarda-ne-yenilik-var
Oxunma sayı: 1199

“Milli parklarımızın əhali üçün daha əlçatan  və maraqlı olması üçün davamlı tədbirlər görülür”. "Qafqazinfo" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, bütün milli parklarda müxtəlif yaş və çətinlik kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir.

"Bu da əhalinin, turistlərin, uşaq və gənclərin asudə vaxtlarını daha səmərəli və təbiət qoynunda keçirmələrinə xidmət edir.

Son bir il ərzində aparılan tədbirlər nəticəsində milli parklarda uşaqlar və gənclər üçün maraqlı əyləncə və məlumat meydançalarının yaradılmasına nail olduq. Onu da qeyd edim ki, milli park ərazilərinin bəzilərində innovativ tipli, yəni müxtəlif məlumatların innovativ üsullarla alınması yolu ilə, bəzilərində sırf məntiqi, təbiətlə bağlı oyunların, bəzilərində informativ, əyləncə tipli lövhə və guşələrin hazırlanması işləri aparılıb. 

Fürsətdən istifadə edib bütün vətəndaşlarımızı, turistləri milli parklarımızı ziyarət etməyə, asudə vaxtlarını səmərəli və təbiət qoynunda keçirməyə səsləyirik. Bildirim ki, bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında  “açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır".