“Milli Şuranın iflasa uğraması ictimai şok yarada bilər”

milli-suranin-iflasa-ugramasi-ictimai-sok-yarada-biler
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, İlqar Altay “Hürriyyət” qəzetinə müsahibəsində bildirib ki, prezident seçkiləri yaxınlaşdıqca ölkədə azad mətbuata, sərbəst toplaşmaq azadlığına, demokratik qüvvələrə qarşı təzyiq və basqılar daha da artmaqdadır. Xüsusilə də, ölkənin aparıcı müxalif siyasi partiya liderləri, prezidentliyə namizədliyini irəli sürən şəxslərə qarşı təzyiqlərin artması ciddi narahatlıq doğurur. Beynəlxalq təşkilatların rəsmi Bakıya ünvanlanan tövsiyyələrinin icra edilməməsi, hakimiyyətin sözün həqiqi mənasında demokratik dəyişikliklərə qarşı savaş elan etməsi və s. qarşıdakı prezident seçkilərinin xüsusilə gərgin atmosferdə keçəcəyini göstərir. Odur ki, İctimai Tədqiqatlar Mərkəzinin sədri, prezidentliyə namizəd hüquqşünas İlqar Altayla söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Bir müddət öncə mətbuata açıqlamanızda qeyd etdiniz ki, naməlum şəxslər tərəfindən təhdid olunursunuz. Məlum təhdidlər bu gün də davam edirmi və bununla bağlı əlaqədar orqanlara müraciət etmisinizmi?

- Özüm bu cür kriminal işlər üzrə təhqiqatçıyam. Uzun illərdir başqalarına olan təhdidləri, qəsdləri araşdırıram. Təsəvvür edin ki, indi şəxsən mənə qarşı belə bir ifrat addım atılıb. Bunun da səbəbi əslində aydındır. Görünür, son dövrdəki aktiv fəaliyyətim kimlərdəsə bərk qıcıq, yaxud da qısqanclıq yaradıb. Hələlik, özümüz bəzi araşdırma və təhlil aparırıq. Ən əsası o idi ki, bunu mətbuata elan etdik, geniş ictimaiyyətə məlum etdik. Hesab edirəm ki, bunun özü mühüm qabaqlayıcı tədbirdir. Əminəm ki, ölkənin xüsusi xidmət orqanları da artıq bu olayı yaxşı bilirlər. Cox yəqin ki, məsələ ilə bağlı hüquq-mqhafizə orqanları öz araşdırmalarını da aparırlar.

- Sizinlə yanaşı prezidentliyə namizəd olan digər şəxslər – hüquq müdafiəçisi Vidadi İsgəndərli, REAL həmsədri İlqar Məmmədov və s. də bənzər təhdid və təzyiqlərlə üzləşməkdədir. Sizcə, prezidentliyə namizədlərin üzləşdiyi təzyiqlər adi bir təsadüfin, yoxsa hakimiyyətin məqsədli siyasətinin nəticəsidir?

- Namizədliyini irəli sürmək təbii ki, müəyyən mənada iqtidara rəqib olmaq deməkdir. Hər bir hakimiyyət seçkilər zamanı qarşısında maneə görmək istəmir. Mən demirəm ki, sırf mərkəzi hakimiyyət öz maraqları naminə bu cür cılız addımlar atır. Sadəcə, ola bilsin, müəyyən qüvvələr bu vasitələrdən istifadə etsin. Mənə və digər namizədlərə olan təhdid və təzyiqlərin namizədlik irəli sürməyimiz səbəbindən və ya başqa bir səbəbdən olmasını çox yəqin ki, yaxın zamanlarda proseslər özü göstərəcək.

- Növbəti prezident seçkilərinin əvvəlki seçkilərdən fərqli olaraq, demokratik və şəffaf şəkildə keçiriləcəyinə inanırsınızmı?

- Çox inanmaq istərdim ki, seçkilər şəffaf şəkildə baş tutacaq, namizədlərə bərabər seçki şəraiti yaradılacaq. Təəssüf ki, müəyyən boşluqlar var və bu da müəyyən mənada inamı azaldır. Ortaya siyasi iradə qoyulmalı və tam demokratik, ədalətli seçkilər keçirilməsi üçün bütün imkanlar yaradılmalıdır. Hər kəs əlindən gələni etməlidir ki, demokratik seçki mühiti yaradılsın. Belə bir mühitin olması müxalif qüvvələrə də, müstəqillərə də, elə iqtidarın özünə də lazımdır.

- Bəzi siyasilər iddia edir ki, hakimiyyət heç vaxt builki qədər zəif və köməksiz olmayıb. Sizcə, hakimiyyətin durumu həqiqətənmi bu qədər ümidsizdir?

- Mən bir təhlil imkanlı praktik insan kimi belə iddia ilə razılaşmazdım. Hakimiyyəti bu gün zəif və köməksiz hesab etmək özünü aldatmaq və illyuziyaya qapılmaq deməkdir. 2003-cü seçki ili çox da qədimdə olmayıb. Həmin dövrlə müqayisədə hakimiyyətin resursları və vahid komanda imkanları xeyli güclüdür. Digər tərəfdən, müxalifətin parakəndəliyi, irəli çıxmış vahid liderinin, ideyadaşıyıcısının olmaması, bu tərəfdən də, ümumən xalqın öz narazılıq hissini ifadə etməkdə soyuqqanlılıq göstərməsi iqtidarın gücünü artırır. Ancaq hakimiyyətin mövqeyini zəiflədə bilən müəyyən amillər də var. Bu da onun konkret beynəlxalq dəstək əldə edə bilməməsi və bir də ki, məmur özbaşınalığının, korrupsiya-rüşvətin, ədalətsizliyin çoxlu insan toplumunda yaratdığı narazılıqdır. Hətta, ölkə başçısı da bir neçə ay öncə bu məsələlərə toxundu, narazılığını bildirdi.

- Necə bilirsiniz, prezident seçkilərində bu dəfə də Rusiya və Qərb hakimiyyətə hansısa formada dəstək verəcəkmi?

- Bu barədə onu qeyd edim ki, bu neçə illərdə Qərb və Rusiyadan Azərbaycan hakimiyyətinə yönəlik hər cür münasibət gördük, dəstək də, təzyiq də, hətta təhdid də. Yəni, proqnoz vermək çətindir.

- Əgər seçkilərin nəticəsi saxtalaşdırılarsa, bu, Azərbaycanda inqilabi prosesləri sürətləndirə, ölkədə kütləvi etirazlara səbəb ola bilərmi?

- Mən bizim Azərbaycan reallığında bu iki amili əlaqələndirməzdim. Bəli, elə ölkələr var ki, belə bir əlaqə birbaşadır. Yəni seçkilər saxtalaşdırılan kimi, xalq ayağa qalxır. Məsələn, Qırğızıstanda son illər bir neçə dəfə bunun şahidi olduq. Bizdə isə bu və bundan əvvəlki hakimiyyətlərin dövründə dəfələrlə seçki ədalətsizlikləri olub, amma bir dəfə də olsun, xalq buna görə tam kütləvi etirazını ifadə etməyib, həlledici sözünü deməyib. Sovet imperiyasından qurtulmaq üçün belə kütləvi etiraz olub. Erməni işgalına qarşı, Qarabağ məsələsinə ğörə olub. Bir də son dövrlər rayonlarda icra hakimiyyətlərinə qarşı öz maddi-məişət probleminə görə kəskin qeyri-siyasi etiraz aksiyaları olub. Ancaq hansısa partiyanın, onun liderinin seçkisinə ğörə xalqın etiraza qalxması hələ ki, rast gəlinməyib bizdə. Bu da o deməkdir ki, bu seçki ilində xalqın kütləvi etirazı olsa belə, kimisə prezident görmək uğrunda yox, mövcud hakimiyyətdən öz normal yaşam haqqının tələbi uğrunda ola bilər.

- Bir çox siyasilər Milli Şura ideyasını müxalifətin son şansı kimi dəyərləndirir. Hqiqətənmi demokratik qüvvələrin qələbəsi üçün yeganə ümid yeri Milli Şuradır və bu ideyanın iflası demokratik qüvvələrin qarşıdakı seçkilərdə məğlubiyyəti ilə nəticələnə bilər?

- Milli Şura müxalifətin, narazı elektoratın birləşməsi, formalaşması və sistemə salınması üçün mütərəqqi ideyadır. Bu möhtəşəm ictimai-siyasi format tarixən və son illərdə müxtəlif olkələrdə, cəmiyyətlərdə uğurla sınaqdan çıxıb. Ancaq bizdə bunu həyata keçirə biləcəklərmi, bu, sual altındadır. Bu qurum da bundan əvvəlki birliklər kimi bəzi siyası qüvvələr tərəfindən inhisara alınıb xalqdan, cəmiyyətdən aralı qalmayacaq ki? Milli Şura bütün milli ictimai-siyasi spektri əhatə edə biləcəkmi? Doğrusu, bu yaxında elan olunacağı bildirilən bu Milli Şuranın təşkili ətrafında elə qarmaqarışıqlıq var ki, heç bir təhlilə uyğun gəlmir. Ancaq onu qeyd edim ki, bizim xalqın güclü bir siyası müxalifətə ehtiyacı var. İqtidarın avtoritar ya demokratik xarakterli olmasından asılı olmayaraq. Ən inkişaf etmiş ölkələrin ən azı iki demokratik, potensiallı qüvvəsi: iqtidarı və müxalifəti var. Necə ki, ən güclü futbol komandalarının əsas heyət qədər də hazir ehtiyat heyəti mövcuddur. O ölkədə ki hər zaman, dərhal iqtidarı əvəz edib, ölkəni idarə edə biləcək qüdrətində müxalifəti yoxdursa, demək bu dövlət zəifdir, demək xalq bunu yetişdirə bilməyib. Bu baxımdan, uzun gözləntidən sonra qüdrətli ümid yeri kimi, müxalifətin son şansı kimi qiymətləndirilən Milli Şura iflasa uğrasa, təbii ki, bu, bir ictimai şok yarada bilər.