Milli təhlükəsizliyimiz (və) “tapşırılan” adam...

milli-tehlukesizliyimiz-ve-tapsirilan-adam
Oxunma sayı: 14709

Nadir Qocabəyli

Prezidentin Milii Təhlükəsizlik naziri Eldar Mahmudovu və nazirliyin bir neçə yüksək rütbəli əməkdaşını işdən azad etməsi xəbəri gündəmə mübaliğəsiz bomba kimi düşdü. Onların hamısının, ya da bəzilərinin həbs olunması barədə ziddiyyətli söhbətlər dolaşsa da, bunların nə dərəcədə doğru olduğunu yaxın günlərdə, bəlkə də, saatlarda dəqiq biləcəyik. Ancaq bu mühüm deyil. Mühüm olan odur ki, deyilənə görə, sabiq nazir və tabeliyində olanlar prezidentin, onun yaxın ətrafının və hətta ailə üzvlərinin telefon danışıqlarını dinləməkdə ittiham olunurlar. Əgər bu ittihamlar həqiqətə uyğundursa, işdən azad olunanların həbs ediləcəyini elə də çox gözləməli olmayacağıq. Digər tərəfdən, əgər bunu ediblərsə, motivi, səbəbi nədir, görəsən? Bu informasiyaları xarici kəşfiyyatamı ötürüblər, yoxsa dövlət başçısının arxasından iş çevirməklə hansısa gizli və təhlükəli niyyətə düşüblər?

Əlbəttə, bunların hamısının hüquqi qiymətini istintaq orqanları verər, inşaallah, ancaq məni düşündürən tamamilə başqa bir məsələdir: dövləti və onun vətəndaşlarını hər cür xarici və daxili təhlükələrdən qorumalı olan bir qurumun rəhbəri, yüksək vəzifəli işçiləri hansı ictimai-siyasi, mənəvi-əxlaqi, mədəni-intellektual keyfiyyətlərə malik olmalıdırlar ki, xidmət etdikləri dövlətın başçısının, onun vəzifəli şəxslərinin, hətta şəxsən borclu olduqları Prezidentin ailə üzvlərinin telefon danışıqlarını gizlicə dinləmək kimi çirkin bir işə əl atmış olsunlar?

İstər-istəməz Eldar Mahmudovun qısa tərcümeyi-halına baxdım. “1956-cı ilə alim ailəsində doğulub.” Kimdir bu alim? “1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuş Mahmudov Əhməd Əkbər oğlu. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir.

1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışmışdır. AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.”

Çox gözəl. İndi də gəlin sabiq nazirimizin təhsiliylə maraqlanaq. “1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirmişdir.” Baxın, 1956-cı iıdə anadan olduğu halda, 22 yaşında artıq “papasının”, yəqin ki, ixtisası gərəyi bütün professor və müəllimləriylə çox yaxın münasibətlərdə olduğu “narxozdan” məzun olub. Yəni orta məktəbi qurtaran ili, 17 yaşında ölkənin ən populyar və rüşvətin tüğyan etdiyi institularından birinə maneəsiz daxil olmuşdur, daha doğrusu, “tapşırıqla düzəldilmişdir”. O vaxtlar “narxoza” qəbulun hansı şərtlərlə aparıldığını, tapşırıqsız və rüşvətsiz, həm də orta məktəbi qurtaran ili bunun qətiyyən mümkün olmadığını o dövrdə yaşayan hər kəs dəlil-sübutlarla bilir, gənclər də eşitməmiş olmazlar.

“1980 - 2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır.”

Yəni “narxozu” bitirdikdən cəmi iki il sonra, təbii ki, yenə tanışlıq, dostluq, yerliçilik və qohumluq əlaqələri vasitəsilə daxili işlər orqanına düzəlmiş və burada 24 il mütəşəkkil cinayətkarlıqla “mübarizə” apararaq, arada fürsəti fövtə verməyib, BDU-nun hüquq fakültəsində də “oxumuşdur.” “1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir”. Bitirən kimi də, dərhal da “1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə

təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.” Nazirimizin hərbi xidmətdə olması da 1993-cü ildən sonraya, yəni böyük vəzifədə olduğu 37 yaşına təsadüf edir və harada, nə qədər, necə xidmət etməsi göstərilmir.

“1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.”

2004-cü ildən bu yana da nazir və general-polkovnikdir.

Bütün hamar tərcümeyi-halı “tapşırıqlı təyinatlardan” ibarət olan, həyatda zəhmətin, əzab-əziyyətin, büdrəyib-yıxılmağın nə olduğunu bilməyən, heç vaxt real təhlükə ilə, haqsızlıqla üzləşməyən, hər şeyin tapşırıqla, rüşvətlə, tanışlıqla, qohumluqla həll olunduğu əqidəsinə tapınan, hər şeyin hazırına nazir bir adamın milli təhlükəsizliyi qorumağı bu cür başa düşməsində, bu məsuliyyətdə və dərrakədə olmasında, zənnimcə, təəccüblü heç nə yoxdur. Hər şey ictima-siyasi dünyagörüşə, mənəvi-əxlaqi prinsiplərə, intellektual-mədəni potensiala adekvatdır…