Milyonlarla hesablanan vergi cinayəti - - Həbs olunan yoxdur

milyonlarla-hesablanan-vergi-cinayeti-
Oxunma sayı: 4249


Hesablama Palatasının 2013-cü ilə dair audit hesabatına görə, Nazirliyin 6 saylı Ərazi Vergilər İdarəsində ciddi qanun pozuntuları üzə çıxıb. Belə ki, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənilməli olan vergi tam ödənilməyib. Bundan əlavə, operativ vergi nəzarəti tədbirləri üzrə tətbiq edilən maliyyə sankisiyaları və inzibati cərimələr üzrə 2,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb. Qanun pozuntusu hallarına görə qəbul edilmiş məhkəmə qətnamələri üzrə tətbiq edilməli olan cərimə məbləğlərinin uçotu aparılmayıb. 

Sözügedən qanun pozuntularına görə, 6 saylı Ərazi Vergi İdarəsində qeydiyyatda olan vergi ödəyiciləri barədə başlanmış cinayət işlərindən 16-nın icraatına xitam verilib. Burada diqqət çəkən məqam vergidən yayınmaqda ittiham olunan 7 sahibkar barədə cinayət işinin başlanmasıdır. Məsələnin maraqlı tərəfi isə onlar haqqında cinayət işinin başlanması məhkəmə tərəfindən rədd edilib. Yəni belə aydın olur ki, bu sahibkarlar qanun pozuntusuna yol vermədiklərini məhkəmə tərəfindən sübut edə biliblər.

İşıq idarəsində 35 milyon manatlıq yeyinti

Digər külli miqdarda vergidən yayınma halı isə «Şirvan Regional Elektrik Şəbəkə» MMC-də baş verib. MMC dövlət büdcəsinə vergi ödəməsindən nə az, nə çox 35 milyon manat yayınıb. Hesablama Palantasının Vergilər Nazirliyi ilə birgə apardığı audit nəticəsində bəlli olub ki, verginin əsas məbləği üzrə 13,3 milyon manat və xidmət haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə 4,7 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilməyib. Habelə satışdan kənar gəlirlərdən tutulan 27,5 min manat qədər mənfəət vergisi büdcədən gizləndilib. Eləcə də, MMC-dən təhvil-təslim aktı ilə qəbul edilmiş dövlət büdcəsinə olan 17 milyon manat məbləğində vergi borcu rəsmiləşdirilməyib. 

Aşkar olunmuş nöqsanların aradan qaldırıması üçün «Şirvan Regionlar Elektrik Şəbəkə» MMC-yə, «Azərenerji» ASC-yə və Vergilər Nazirliyinə göndərilib. 

MMC-dən Vergilər Nazirliyinə daxil olmuş məlumatda  bildirilir ki, dövlət büdcəsinə olan 13,3 milyon manat məbləğində vergi borcu əvvəlki dövrlərdə elektrik enerjisinin satışı üzrə debitor borcları ilə əlaqədar yaradılıb. Bu səbəbdən debitor borclarının ödənişi aparıldıqca yaranmış vergi borcunun ödənilməsinin təmin ediləcəyi göstərilir. Baş verən qanun pozuntusu ilə əlaqədar isə nə vəzifəli, nə də vəzifəsiz məmur məsuliyyətə cəlb olunub. 

«Sevimli Dad»dan 780 min manatlıq vergi yayınması

Vergilər Nazirliyinin iştirakı ilə aşkar olunan digər vergi yayınmaları Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağında, «Bakı İnşaat Layihə» QSC-də, «Milk-Pro» MMC-də baş verib. 2013-cü il üzrə aparılan audit nəticəsində müəyyən edilib ki, Nizami Telefon Qovşağı dövlət büdcəsinə ödəniləsi 5,7 min manat əmlak və 55 min manat mənfəət vergisindən yayınıb. Buna görə Vergilər Nazirliyi dövlət qurumunu 83 min manat cərimələyib. Günahkar şəxslər isə məsuliyyətdən kənarda qalıb. 

«Bakı İnşaat Layihə» QSC isə 702 min manat məbləğində vergidən yayınıb. Qeyd edək ki, şirkət mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilmiş lisenziyalar əsasında, energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılıması, habelə təmir-tikinti işləri ilə məşğul olur. Vergilər Nazirliyi və Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində dövlət sifarişlərini həyata keçirən şirkətin bu zaman büdcə vəsaitlərini mənimsəməsi faktları üzə çıxıb. Təəssüf ki, hesabatda mənimsəmə ümumi olaraq göstərilir. Konkret olaraq, vergi yayınmalarının hansı layihələr üzrə baş verdiyi göstərilmir. Yalnız o göstərilir ki, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə ödənilən haqlar vergiyə cəlb edilməyib. Ümumilikdə, ödənilən vergi məbləğində azaldılmalar müəyyən edilib. 

«Milk-Pro» MMC isə 780 min manat vergidən yayınması müəyyən edilib. MMC ölkədə ən böyük süd və süd məhsullarının istehsalı ilə məşğuldur. Məhsullarını «Sevimli Dad» brendi ilə istehsal edən şirkətin əsas sahibləri sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestitsiya şirkətləri də var. Şirkətin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. Hazırda isə Hövsan qəsəbəsində şirkətin tərkibinə daxil olacaq yeni Bakı süd zavodu tikilib. Hesablama Palatasının hesabatında belə məlum olur ki, şirkət 2012-ci ildə zərərlə fəaliyyət göstərir. Buna səbəb kimi isə amortizasiya ayırmalarının, əmək haqqı və ona bərabər tutulan ödəmələr üzə xərclərin artması, müəssisənin şəhərdən kənara çıxarılması ilə əlaqədar istehsal prosesində yaranmış müvəqqəti fasilələr göstərilir. 

Elə əsas vergi yayınmaları və qanun pozuntuları da bu zaman baş verib. Audit hesabatına görə, şirkət hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı vergi orqanlarına məlumat verilməyib, xammal alışları sənədləşdirilməyib, dövlət büdcəsinə olan borclar ödənilməyib. Müəssisənin zərərləri əlavə 430 min manat şişirdildiyi, bununla gəlir və mənfəət vergisindən yayındığı aşkar edilib. Hesablama Palatası müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinə, Standartlaşma, Metriologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin MMC-yə təqdimat göndərib. Vergi yayınmaları ilə yanaşı, Hesablama Palatası ötən il üzrə 60-a yaxın dövlət qurumunda dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsini araşdırıb. Yoxlamalar nəticəsində aşkar olunan qanun pozuntuları və büdcə vəsaitinin mənimsəmələri barədə gələn sayımızda məlumat verəcəyik. 

“Bizim Yol” qəzeti